Sentyabrın 15-də Ankara məhkəməsində Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı işə baxılacaq.
Partiya daxilində məhkəmənin nəticələri ləğv edəcəyi, CHP rəhbərliyinin vəzifədən uzaqlaşdırılacağı və müvəqqəti sədr təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.
Partiyanın İstanbul təşkilatının rəhbərliyinin vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti sədr təyin olunması barədə məhkəmə qərarı etirazlara səbəb olub. İstanbul Valiliyinin bazar axşamından etibarən ərazidə bütün yürüş və aksiyaları qadağan etməsinə baxmayaraq, binanın önündə çox sayda insan toplaşıb. Valiliyin qərarı ilə CHP binasına gedən bütün yollar bağlanıb, polis ərazini nəzarətə götürüb.
Müxalifət prosesdə iqtidarın əlinin olduğunu iddia edir.
Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan depuatı Şamil Ayrım bildirib ki, hər kəs məhkəmə prosesinə inanmalıdır:
"İstanbul Bələdiyyəsindəki korrupsiya iddiası səbəbilə həbslər oldu. Bu proses davam edir. Önümüzdəki günlərdə ittiham aktı qətiləşdikdən sonra məhkəmə önünə çıxarılacaqlar. Şikayətçilər də, etirafçı olanlar da Cümhuriyyət Xalq Partiyasının daxilində olan adamlardır. Hər kəsin bu məhkəmə prosesinə güvənməsi lazımdır. Bu çox vacibdir. Biz məhkəməyə güvənməsək necə olar?! Cümhuriyyət Xalq Partiyası məhkəmənin iqtidarın əlinin olduğunu deyir. Belə bir şey ola bilərmi? Bir ölkədə korrupsiya halları olsa və onun üstünə getməsəniz, qəbul etdiyiniz qanunların nə qiyməti var?! Hər kəsin səbrlə gözləməsi zəruridir. Prosesin nəticəsini görməliyik. Təəssüf ki, proseslər uzandığı üçün müəyyən mənada insanlarda çaşğınlıq yaranır. İnanıram ki, çox qısa müddətdə, onlarla bağlı ittiham aktı hazırlanacaq, qərarlar veriləcək. Bunun üçün də gözləmək lazımdır".
Ş.Ayrım CHP-dən Ədalət və İnkişaf Partiyasına keçənlər barədə də danışıb:
"Ədalət və İnkişaf Partiyası 23 ildir iqtidardır və ölkəni idarə edir. CHP-dən bizə keçən dostların da bir çoxu keçmişdə bizimlə bir qanadda olan şəxslərdir. Müxtəlif səbəblərdən sıralarımızda yer tapmıyınca, qarşı tərəfə keçib namizəd oldular, seçildilər. Təbii ki, üzv olduqları partiyada sabitlik görməyənlər qayıdır. Bu normaldır. Bələdiyyə sədrləri xalqına qarşı məsuldur. Həyata keçirəcəkləri müəyyən investisyalar var. Üzv olduğu partiyada belə sağlam mühit tapa bilmədiyindən bizə keçənlər də mövcuddur".