Modern.az

Hərbi çevrilişin 45-ci ili - ABŞ diplomatının gizli sənədində nələr yazılmışdı?

Hərbi çevrilişin 45-ci ili - ABŞ diplomatının gizli sənədində nələr yazılmışdı?

Dünya

12 Sentyabr 2025, 11:55

1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən 45 il keçir. Sentyabrın 12-də Türkiyə Silahlı Qüvvələri ölkədə hökm sürən siyasi böhran, parlamentin prezident seçə bilməməsi, ağır iqtisadi vəziyyət və terror hadisələrinin artmasını əsas gətirərək hakimiyyəti ələ keçirdi.

Saat 03:00-da baş verən çevrilişdən sonra Milli Təhlükəsizlik Şurası (MTŞ) ölkəyə nəzarət etməyə başladı. MTŞ-nın sədri general Kenan Evren idi. O, ordunun “dövlətin bütövlüyünü və konstitusiyanı qorumaq vəzifəsini” yerinə yetirdiyini bəyan etdi.

Çevrilişdən sonra baş nazir Süleyman Dəmirəl və ana müxalifət lideri Bülent Ecevit də daxil olmaqla siyasi liderlər həbs edildi, parlament və siyasi partiyalar bağlandı, minlərlə insan saxlanıldı. Rəsmi rəqəmlərə görə, 650 min nəfər tutulub, 52 min nəfər həbs olunub, 230 min nəfər müxtəlif ittihamlarla məhkəməyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, BBC ABŞ Dövlət Departamentinin 2011-ci ildə məxfilikdən çıxardığı sənədlərə istinadən yazır ki, çevrilişin səhəri ABŞ-ın Ankara səfiri Ceyms Speyn Vaşinqtona gizli sənəd göndərib.

O, sənəddə hakimiyyəti ələ alan hərbi rəhbərliyi yaxşı tanıdıqlarını və Türkiyənin NATO öhdəliklərindən, təhlükəsizlik və xarici siyasət kursundan geri dönməyəcəyinə inandıqlarını bildirib: “Hazırkı hərbi liderlərin hamısını yaxşı tanıyırıq. Türkiyənin xarici siyasətində, xüsusən də NATO çərçivəsində təhlükəsizlik kursunda dəyişiklik gözlənilmir. Əsas məsələ bu maraqları yenidən bərpa olunacaq demokratik mühitdə də qorumaq olacaq”.

Speyn Vaşinqtona göndərdiyi notda ABŞ rəsmilərinə tövsiyə edirdi ki, ictimai açıqlamalarda ehtiyatlı davransınlar və “ABŞ Türkiyənin xarici siyasətində dəyişiklik gözləmədiyini” bildirsinlər.

Speynin sənədlərdə yer alan ən maraqlı qeydlərindən biri isə ordunun müdaxiləsini “daha köklü və qəbul edilən bir addım” kimi dəyərləndirməsidir: “Qısacası, bu bir Latın Amerika tipli hərbi çevriliş deyil. Son aylarda artan terror hadisələri ordunu hərəkətə keçməyə məcbur etdi.”

ABŞ diplomatik yazışmalarında həmçinin yeni hökumətin demokratik keçid yol xəritəsini izləyəcəklərini, amma MTŞ rəhbərliyini “lazımsız yerə qıcıqlandırmamaq” lazım olduğunu vurğulayırdılar.

Çevrilişdən sonra qurulan Bülend Ulusu hökumətinə ABŞ-ın reaksiyası müsbət olub. Diplomatik sənədlərdə qeyd edilir ki, hökumət üzvləri “təcrübəli, Qərbə açıq və iqtisadi islahatları davam etdirməyə hazır” fiqurlar kimi qiymətləndirilib. Baş nazir müavini təyin olunan Turqut Özal 24 Yanvar qərarları adlanan liberal iqtisadi proqramı həyata keçirməkdə əsas şəxs kimi qeyd olunur.

ABŞ diplomatları yazışmalarda demokratik prosesin bərpasının ən azı bir il çəkəcəyini proqnozlaşdırır, lakin iqtisadi islahatların və NATO əməkdaşlığının fasiləsiz davam etməsinin Vaşinqton üçün prioritet olduğunu xüsusi vurğulayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir