Ermənistan prezidenti Vahaqn Xaçaturyan Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən açıqlama verib.
Modern.az-ın məlumatına görə, o, RTVI-yə müsahibəsində bildirib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin təhlükəsizliyinə yalnız Ermənistan özü cavabdeh olacaq.
“Nə amerikalılar, nə də başqa bir qüvvə, orada yalnız ermənilər olacaq”, - deyə Xaçaturyan vurğulayıb.
Qeyd edək ki, Zəngəzur dəhlizi, digər adı ilə “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi barədə müddəalar 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış birgə bəyannamədə yer alıb.
Sənəddə tərəflər iki ölkə arasında kommunikasiya xətlərinin açılmasının vacibliyini təsdiqləyiblər. Xüsusilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin təmin olunması vurğulanıb.
Bəyannamədə Ermənistan tərəfinin ABŞ və ortaq şəkildə razılaşdırılacaq digər tərəflərlə birlikdə TRIPP layihəsinin hüquqi çərçivəsinin hazırlanması üzərində işləyəcəyi qeyd olunur.