Modern.az-da “Qədim şəhərin müasir bəlaları” adlı yeni layihəyə start verilir. Bu layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərinin tarixi dəyəri ilə yanaşı, onları narahat edən müasir problemləri işıqlandıracağıq.
Rubrikamızın budəfəki buraxılışı İstanbul şəhərinə həsr olunub. Tarixən bir neçə dövlətin paytaxtı olan şəhər son dövrlər siyasi proseslərin mərkəzindədir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu bu ilin əvvəlində məsuliyyətə cəlb edilib, həmin dövrdən etibarən şəhərdə siyasi gərginlik və idarəetmə ilə bağlı müzakirələr daha da artıb.
İstanbul tarix boyu minilliklərə şahidlik etmiş, mədəni və tarixi sərvətləri ilə diqqət çəkən, eyni zamanda sosial və şəhərlə əlaqəli problemlərinin mürəkkəbliyi ilə seçilən şəhərlərdən biridir.
Qızıl Buynuzun sahillərindən tutmuş Asiyanın ucqar məhəllələrinə qədər uzanan şəhər artıq “tarixin beşiyi”ndən çox “müasir çağırışların mərkəzi”nə çevrilib.

Hər gün "zəlzələ ola bilər” hissi ilə oyanmaq...
Tarixi şəhərin ən başlıca problemi gözlənilən "böyük zəlzələ" ehtimalıdır. Mərmərə bölgəsinin aktiv seysmik zona üzərində yerləşməsi İstanbul üçün ən böyük təbii risklərdən biridir. 1999-cu il Gölcük zəlzələsinin izləri hələ də unudulmayıb. Mütəxəssislər yaxın 30 ildə İstanbulda 7 və daha böyük bal gücündə bir zəlzələnin baş vermə ehtimalının 70%-dən çox olduğunu deyirlər. Şəhərin sıx əhalisi və infrastrukturu zəlzələnin nəticəsini fəlakətli edə bilər.
İnsanların çoxu yaşadığı binanın zəlzələyə davamlı olub-olmadığını bilmir. Köhnə tikililər, qeyri-rəsmi binaların geniş yayılması və gücləndirmə işlərinin kifayət qədər aparılmaması vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər bildirirlər ki, hazırda İstanbulda yüz minlərlə yaşayış binası risk altındadır və genişmiqyaslı yenilənmə proqramına ehtiyac var. Lakin həm maliyyə imkanlarının məhdudluğu, həm də sakinlərin köçürülməsi ilə bağlı çətinliklər prosesin sürətini ləngidir.
İstanbullular üçün gündəlik həyat sanki gözlənilən “böyük zəlzələ”nin kölgəsi altında keçir. Valideynlər övladlarının məktəbinin təhlükəsizliyindən, işçilər isə çalışdıqları binaların dözümlü olub-olmamasından narahatdır. Hər gün yeni xəbərdarlıqlar, mütəxəssis açıqlamaları və dövlət proqramları gündəmə gəlsə də, cəmiyyətin böyük hissəsi hələ də özünü güvəndə hiss etmir.

Nəfəs almağa yer qalmayıb...
İstanbulda rəsmi statistikaya görə 16 milyondan artıq insan yaşayır, lakin qeyri-rəsmi məlumatlar bu rəqəmin hətta 20 milyonu keçdiyini göstərir. Hər il yüz minlərlə insan ölkənin müxtəlif bölgələrindən və qonşu dövlətlərdən İstanbula üz tutur. Bu proses isə şəhərin onsuz da yetərsiz olan infrastrukturunu tamamilə yükləyib.
Belə ki, planlaşdırılmadan, sosial xidmətlər olmadan yeni məhəllələr qurulur. Köhnə binalar isə ya zəlzələyə davamlı deyil, ya da şəhər planlamasından kənarda “geceqondu” tipli tikililər olaraq qalır. Bu da öz növbəsində şəhərin mərkəzində və ətrafında sosial təbəqələşməni gücləndirir.
İstanbulda izdiham insanların həyatında da sıxıntıya çevrilib. Səhər işə tələsən minlərlə adam eyni avtobusa, eyni metroya sığışmağa çalışır, bəzən nəfəs almaq belə çətinləşir. Hər yeni gələn üçün şəhər bir az daha daralır, amma kimsə buradan ümidini kəsmir.

Gündüzü də, gecəsi də tıxac...
Aparılan tədqiqatlara əsasən, şəhər sakinlərinin 60%-dən çoxu gündəlik həyatında ən çox narahatlıq doğuran problemin nəqliyyat olduğunu bildirir.
Səhər günəş doğmadan milyonlarla insan şəhərə axışır, lakin işə çatmaq yarışa çevrilir. Metrobus dayanacaqlarında sıxlıq, körpülərdə irəliləməyən avtomobil karvanları artıq İstanbulun gündəlik mənzərəsidir və bu vəziyyət gecə də, gündüz dəyişmir.
Araşdırmalara görə, şəhər sakinləri hər il orta hesabla 288 saatını tıxacda itirir. Pik saatlarda (səhər 05:00–08:30 və axşam 18:00–21:00 arası) əsas yollar, körpülər və sahil xətti hərəkəti iflic edir.
Bu izdiham təkcə əsəblərə yox, dövlətin cibinə də zərər vurur. Mütəxəssislərin hesablamalarına görə, İstanbulun tıxac problemi ölkə iqtisadiyyatına illik 6–10 milyard dollar arasında zərər vurur. Yanacaq israfı, işə gecikmələr, məhsuldarlıq itkisi və logistika xərcləri bu məbləğin əsas hissəsini təşkil edir.
Hökumət və yerli bələdiyyələr çıxış yolu axtarır. Metro xətləri genişləndirilir, yeni nəqliyyat layihələri gündəmə gətirilir. Ağıllı işıqfor sistemləri sınaqdan keçirilir, bəzi körpü və yollarda ödənişli keçidlər planlaşdırılır. Hətta süni intellektin yol hərəkətinə inteqrasiyası ilə bağlı pilot layihələr də hazırlanır. Amma bütün bunlara baxmayaraq, şəhər böyüdükcə, hər gün yollara çıxan avtomobil sayı artdıqca problemin kökündən həlli hələ də üfüqdə görünmür.

Şəhər betonlaşır, yaşıllıqlar yoxa çıxır
İstanbul böyüdükcə yaşıllıqlar yox çıxır. Rəsmi rəqəmlərə görə, İstanbulda adam başına düşən yaşıllıq sahəsi cəmi 7,2 m²-dir. Dünya Sağlamlıq Təşkilatının tövsiyə etdiyi minimum isə 9 m², Avropanın bəzi şəhərlərində isə bu rəqəm 60 m²-dən yuxarıdır. İstanbulun bir çox məhəlləsində isə park və yaşıl sahə demək olar ki, “0”a yaxındır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəhərin sürətli betonlaşması insanların psixoloji rifahına, hava keyfiyyətinə və sosial həyatına mənfi təsir göstərir. Xüsusilə Şişli, Beyoğlu, Kadıköy kimi mərkəzi rayonlarda sakinlər parkdan uzaq yaşayır, uşaq oyun meydançaları isə azdır. Mərmərə dənizindəki çirklənmə, havadakı toz və qazların artması, “dəniz seli” böhranı da göstərir ki, təbiət artıq tab gətirmir...
Bütün bu problemlərə baxmayaraq, İstanbul həm qədim tarixin, həm də müasir həyatın bir arada yaşadığı unikal şəhərdir. İstanbulu fərqli edən yalnız Ayasofya, Topqapı Sarayı və Boğaziçi körpüləri deyil. Burada yaşayan milyonlarla insan gündəlik çətinliklərə dözərək İstanbulu yaşadan əsas gücdür.
Mütəxəssislər hesab edirlər ki, zəlzələ riskinə qarşı görüləcək tədbirlər, nəqliyyatdakı ağıllı həllər, yaşıllıqların qorunması və urbanizasiyanın planlı şəkildə idarə olunması ilə şəhərin gələcəyi daha təhlükəsiz və yaşanaqlı ola bilər. Ən önəmlisi isə cəmiyyətin də bu prosesə qoşulması, şəhərin problemlərinə biganə qalmamasıdır.
İstanbul hələ də ümidini itirməyib. Bu qədim şəhər əsrlər boyu saysız-hesabsız sınaqlardan keçib, yenə də ayaqda qalıb. Bu gün də onun taleyini dəyişmək insanların əlindədir...