Qəzza şəhərinin tam ələ keçirilməsi bir neçə ay, onun tam təmizlənməsi isə əlavə bir neçə ay vaxt aparacaq.
Modern.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi general Efi Defrin bildirib.
“Bütün şəhərin nəzarətə götürülməsi üçün bir neçə ay, şəhərdəki bütün terror infrastrukturlarının təmizlənməsi üçün isə daha bir neçə ay lazım olacaq”, – deyə general brifinqdə vurğulayıb.
Defrin qeyd edib ki, İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq əməliyyatın növbəti mərhələsinə keçib. Əməliyyatın əsas məqsədi əsirlərin azad edilməsi və HƏMAS-ın Qəzza şəhərində tam məğlubiyyətidir.
Generalın sözlərinə görə, hazırda Qəzzada İsrail ordusunun üç diviziyası fəaliyyət göstərir və quru əməliyyatı tələb olunan qədər davam etdiriləcək.
“Hazırda Qəzza şəhərinin böyük əraziləri İsrail ordusunun nəzarəti altındadır. Son bir həftədə HƏMAS-ın müşahidə məntəqələri və digər hərbi infrastrukturu yerləşdirdiyi onlarla çoxmərtəbəli bina İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub”, – deyə Defrin əlavə edib.