Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yaxın günlərdə daha iki “ağır hücum əməliyyatı” keçirməyi planlaşdırdığını bildirib.
Modern.az xəbər verir ki, Sky News-a müsahibəsində Zelenski Rusiyanın son üç hücumunun uğursuzluqla nəticələndiyini vurğulayıb.
“Rusiyanın bütün irəliləyiş cəhdləri, bütün hücum missiyaları iflasa uğrayıb. İndi isə onlar iki ağır hücuma hazırlaşırlar. Bu, bizim üçün ciddi siqnaldır,” - deyə dövlət başçısı qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna ordusu düşmənə ciddi itkilər verib, həm şəxsi heyət, həm də texnika baxımından itkisi böyükdür:
“Ruslar uduzdular, çünki böyük itkilər verdilər. İndi əsas vəzifəmiz əsgərlərimizi həm mənəvi, həm də texniki cəhətdən dəstəkləməkdir. Bizə tərəfdaşlardan silah və maliyyə dəstəyi lazımdır. Maliyyə vəsaiti dron və radio-elektron mübarizə vasitələrinin istehsalına yönəldilir və bu, önəmli üstünlük verir.”
Zelenski, həmçinin xatırladıb ki, yaxın günlərdə Ukrayna ordusu Rusiyanın Sumı istiqamətindəki hücum əməliyyatını tamamilə pozub:
“Döyüşlər hələ də davam edir, lakin rus qoşunları Sumi istiqamətində hücum imkanlarını itirib,” – deyə o bildirib.
Ukrayna lideri beynəlxalq tərəfdaşlara çağırış edərək ölkəsinə daha çox silah və maliyyə dəstəyi göstərməyin vacibliyini vurğulayıb.