Misirin İsraillə və Qəzza zolağı ilə sərhəddə yerləşən qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti məlumat yayıb.
Məlumata görə, qərar iki gün əvvəl İsrail ordusunun Qəzza şəhərində başlatdığı quru əməliyyatına cavab olaraq qəbul edilib. Məlumatı həm iki məlumatlı mənbə, həm də Misir tərəfdən şahidlər təsdiqləyiblər.
Qəzet yazır ki, Qahirədə əsas narahatlıq Qəzzadan mümkün kütləvi köç dalğası ilə bağlıdır. Misirdə ehtiyat edirlər ki, İsrail əməliyyatları nəticəsində bölgənin əhalisi məcburi şəkildə Sinaya köçürülə bilər.
Buna baxmayaraq, mənbələr bildirirlər ki, Misir İsraillə mövcud saziş və təhlükəsizlik protokollarının dayandırılmasını planlaşdırmır. Vaşinqton və Təl-Əviv də hazırda Qahirəni bu məsələdə danışıqlara cəlb etmək niyyətində deyil.
Xatırladaq ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bir neçə gün əvvəl Dohada keçirilən ərəb-islam sammitində İsraili “düşmən” adlandırıb. Bu açıqlama 1977-ci ildən bəri Misir lideri tərəfindən ilk belə bəyanatdır. Həmin il Misirin o zamankı prezidenti Ənvər Sadat Qüdsə səfər edərək Knessetdə çıxış etmiş, ardınca 1979-cu ildə Kemp-Devid sülh sazişləri imzalanmışdı.