Modern.az

Ərdoğan BMT tribunasından Fələstinlə bağlı ÇAĞIRIŞ EDƏCƏK

Ərdoğan BMT tribunasından Fələstinlə bağlı ÇAĞIRIŞ EDƏCƏK

Dünya

22 Sentyabr 2025, 16:08

Bu həftə BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr keçiriləcək. Əsas müzakirə mövzularından biri məhz Fələstinlə və Qəzzada baş verənlərlə bağlı olacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu toplantıda iştirak edəcək. Türkiyənin Fələstinlə bağlı hansı addımı atacağı diqqətçəkən məqamlardan biridir.

Qeyd edək ki, Baş Assambleyanın iclasının başlamasından əvvəl bir neçə Qərb ölkəsi Fələstinin müstəqilliyini tanıyıb, BMT çərçivəsində də oxşar mövzular müzakirə ediləcək.

Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, 1975-ci ildən bəri Fələstin Azadlıq Təşkilatı ilə rəsmi əlaqələri olan Türkiyə 1988-ci ildə Fələstin dövlətini tanıyıb:

“2005-ci ildən Türkiyədən Fələstinə səfir statuslu baş konsul təyin olunur. Qüds Baş konsulunun “Fələstin nəzdində Türkiyə səfiri” olaraq vəzifəsini icra etdiyi bildirilir.  Türkiyə dünən olduğu kimi bu gün də Fələstinin haqlı mübarizəsini dəstəkləyib və beynəlxalq arenada onu müdafiə edib. Türkiyə Respublikası  BMT prinsiplərinə uyğun və müzakirələr yolu ilə ədalətli, əhatəli və qalıcı sülh, bu çərçivədə 1967-ci il sərhədləri əsas götürülməklə paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren Fələstin dövlətinin qurulması istiqamətindəki cəhdləri dəstəkləyir. Tarixi BMT toplantısında öncə 4 dövlət - Kanada, Avstralya, Böyük Britaniya ve Portuqaliya Fələstin dövlətini rəsmi şəkildə tanıdıqlarını açıqlayıb.  Beləliklə, Fələstini tanıyan BMT-yə üzv dövlətlərin sayı 151-ə yüksəlib. Fransa Prezidenti Emmanuel Makron BMT toplantısında Fələstini dövlət olaraq tanıyacağını bəyan edib”.

İ.Muğlu vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsində regional və beynəlxalq dinamikaları nəzərə alaraq həmişə konstruktiv mövqe sərgiləyib və digər ölkələrin liderlərinin də məsələyə bu həssaslıqla yanaşmalı olduğunu dilə gətirib:

“Türkiyənin Fələstinə yanaşması konkret və realist hədəfləri olan, praqmatik, lakin olduqca incə şəkildə həyata keçirilən rasional strategiyanın məhsuludur. Eyni yanaşmanı Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin iclasında bir daha bütün dünyaya elan edəcək. Eyni zamanda Qəzza zolağında tökülən qanı dayandırmaq üçün atıla biləcək birgə addımları da dilə gətirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?