Avropa Komissiyası (AK) 13 Rusiya vətəndaşı və 18 Rusiya təşkilatına qarşı sanksiyalar hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə "EUobserver" nəşri yazıb.
19-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın ən böyük qızıl hasilatı şirkəti olan "Polyus" qarşı da məhdudiyyətlər olacağı bildirilir.
Dünyanın dördüncü ən böyük istehsalçısı olan şirkət artıq ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən "qara siyahı"ya salınıb. "Polyus"un səhmlərinin təxminən 50%-nə Kiprin "Wandle" şirkəti nəzarət edir.
Ukraynadakı müharibədən əvvəl bu şirkət 2022-ci ildə ABŞ, Böyük Britaniya, Aİ və digər ölkələr tərəfindən sanksiyaya məruz qalan milyarder Süleyman Kərimovun oğlu Səid Kərimova məxsus idi.
2022-ci ilin may ayında kiçik Kərimov 2015-ci ildən sahib olduğu "Wandle Holdings Limited"in səhmlərinin 100%-ni İslam Təşkilatlarına Dəstək Fonduna köçürüb. “Vedomosti”nin məlumatına görə, “Polyus”un səhmlərinin demək olar ki, 30%-i “Akropol” MMC-yə məxsusdur (benefisiar keçmiş inquşiyalı senator Axmet Palankoyevdir), şirkətin rəhbərliyi isə səhmlərin 0,93%-nə, sərbəst dövriyyə isə 22,26%-ə malikdir.
“Kommersant” şirkətin təqdimatına istinadən xəbər verir ki, 2024-cü ildə baş ofisi Moskvada yerləşən “Polyus” qlobal qızıl hasilatında 2,75-2,85 milyon unsiya ilə dördüncü yerdə qərarlaşıb (Polyusun internet saytına görə, 3 milyon unsiyadan çox). Şirkətin Krasnoyarsk diyarı, Maqadan və İrkutsk vilayətlərində və Yakutiyada beş aktiv qızıl hasilatı layihəsi var.