Modern.az

Keçmiş düşmənlər Amerikada üz-üzə

Keçmiş düşmənlər Amerikada üz-üzə

Dünya

23 Sentyabr 2025, 10:04

BMT Baş Assambleyası çərçivəsində Birləşmiş Ştatlarda maraqlı görüş baş tutub.

Modern.az xəbər verir ki, Suriyanın hazırkı Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru, İraq müharibəsinin simalarından biri olan general Devid Petreus Nyu-Yorkda bir araya gəlib.

"Biz İraqda əks tərəflərdə idik, mən ABŞ qoşunlarının əməliyyatına rəhbərlik edirdim, sən isə həbsdə idin. İndi isə sən BMT Baş Assambleyasında Suriyanın prezidenti kimi çıxış edirsən", - Petreus deyib.

Əl-Şaraa isə cavabında müharibədən danışıqlara keçidə işarə edib: "Biz bir vaxt döyüş meydanında idik, indi isə dialoq meydanındayıq."

Qeyd edək ki, Əhməd əl-Şaraa uzun illər öncə ABŞ-ın ən çox axtarılan şəxslərindən biri olub. O, 2003-cü ildəki ABŞ işğalından sonra İraqda sünni üsyançı hərəkatına qoşulub. Vaxtilə onun barəsində məlumat verənlər üçün ABŞ hökuməti 10 milyon dollarlıq mükafat elan edib. İndi isə əl-Şaraa Suriyanın prezidenti kimi beynəlxalq tribunada çıxış etməyə hazırlaşır.

Şaraa 1967-ci ildən bəri BMT Baş Assambleyasına qatılan ilk Suriya prezidenti olacaq. O, Baş Assambleyanın 80-ci sessiyasında ilk dəfə nitq söyləyəcək.

Müsahibəsində Şaraa ölkəsinin gələcəyi üçün ən böyük problemlərdən birinin Kürd qüvvələri ilə anlaşmazlıq olduğunu bildirib. Onun sözlərinə görə, Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələri ilə razılaşma gecikir. Kürd partiyalarının irəli sürdüyü muxtariyyət tələblərinin isə “separatizmə aparan yol” olduğunu deyən prezident xəbərdarlıq edib: "Bu, yalnız Suriya deyil, həm də İraq və Türkiyə üçün təhlükə yarada bilər."

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?