İranın şimal-qərbində yerləşən və Asiyanın ən iri duzlu gölü sayılan Urmiya gölü tamamilə quruyub.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
2025-ci ilin yayında göldən geriyə yalnız çatlamış quru torpaq və bir neçə kiçik gölməçə qalıb.
Mütəxəssislər və müxalif media qurumları Urmiyanın yox olmasını ekoloji fəlakət adlandırır və bunun səbəbkarı kimi İran hakimiyyətini göstərirlər.
"Iran News Update" bildirir ki, ölkədə bir milyondan çox qanunsuz artezian quyusu mövcuddur və onlar illərlə yeraltı suları tükədib. Bundan başqa, kənd təsərrüfatı sektoru ölkənin 88% su resursunu istifadə etsə də, ÜDM-də payı cəmi 10% təşkil edir.
İran prezidenti Məsud Pezeşkiyan da böhranı etiraf edərək bildirib ki, artıq Tehranda “su qalmayıb” və hökumət paytaxtın köçürülməsini müzakirə edir.
Urmiyanın quruması bölgədə yüz minlərlə insanın həyatına mənfi təsir göstərib. Əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi regionda indi duz fırtınaları baş verir, torpaq məhsuldarlığını itirir və kənd təsərrüfatı faktiki olaraq mümkünsüz hala düşür.
Ekoloqlar xəbərdarlıq edir ki, bu proses davam edərsə, İranın digər bölgələrində də oxşar fəlakətlər qaçılmaz ola bilər.