Suriyanın Prezidenti Əhməd əl-Şəraa BMT Baş Assambleyasında çıxış edib.
Modern.az xəbər verir ki, o, ölkəsinin uzun illər müharibə və ədalətsizlikdən əziyyət çəkdiyini, lakin indi sülh və əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib.
“Mən Dəməşqdən - tarixin paytaxtından, sivilizasiyaların beşiyindən gəlmişəm. Uzun illər ədalətsizlik və zülm yaşadıq, lakin sonra ləyaqətimizi müdafiə edərək ayağa qalxdıq. Suriya böhran ixrac edən ölkədən bölgə üçün sülh imkanına çevrildi”, - deyə Şəraa bildirib.
O, Suriyaya qarşı bütün sanksiyaların tam ləğvini tələb edib.
Suriya lideri çıxışı zamanı Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, digər ərəb ölkələri, Avropa İttifaqı və ABŞ-a dəstəyə görə təşəkkür edib.
Şəraa həmçinin Qəzza ilə həmrəylik nümayiş etdirərək, “biz müharibənin dəhşətlərini yaşayan xalqlardanıq, buna görə də Qəzza xalqının yanındayıq” sözləri ilə zalda alqış qazanıb.
Suriya lideri İsrailin hücumları qarşısında beynəlxalq ictimaiyyəti ölkəsinin yanında dayanmağa çağırıb.