Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fransa lideri Emmanuel Makronla görüş keçirib.
Modern.az xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub.
Ərdoğanın Administrasiyasının yaydığı məlumata görə, prezident tərəflərin ədalətli və dayanıqlı sülhə nail olması üçün Türkiyənin bütün səylərini davam etdirdiyini vurğulayıb:
“Prezidentimiz Rusiyayla Ukrayna arasında ədalətli və qalıcı sülhün təmin edilməsi üçün bütün imkanları səfərbər etdiyini, nəticəyönümlü İstanbul danışıqlarını irəli aparmaq istədiyini bildirib”.
Görüş zamanı Ərdoğan, həmçinin Makronu Fələstin dövlətçiliyini tanıdığına görə təbrik edib. Onun sözlərinə görə, bu addım İsrailin Baş naziri Binyamin Netanyahunun üzərinə beynəlxalq təzyiqi gücləndirəcək.
Liderlər ikitərəfli münasibətləri də müzakirə ediblər. Ərdoğan Fransa ilə ticarət, energetika və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafında dialoqun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.