Avropa diplomatları Rusiya hakimiyyətini xəbərdar ediblər ki, NATO öz hava məkanının növbəti pozuntularına sərt cavab verməyə hazırdır. Görülə biləcək tədbirlərə Rusiya təyyarələrinin vurulması da daxildir.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin mənbələrinin bildirdiyinə görə, Böyük Britaniya, Almaniya və Fransanın səfirləri sentyabrın 22-də Moskvada keçirilən gərgin görüşdə Estoniya hava məkanının 19 sentyabrda üç rus qırıcısı tərəfindən pozulmasından narahatlıqlarını ifadə ediblər.
Avropa diplomatları Rusiyanı xəbərdar edərək vurğulayıblar ki, bu cür hallar təkrarlansa, NATO “qəti tədbirlər” görəcək. Onların sözlərinə görə, Estoniya üzərindəki insident qəsdən həyata keçirilib.
Rusiyanın nümayəndəsi isə cavabında bildirib ki, Avropada hava məkanının son pozuntuları “Ukraynanın Krıma hücumlarına cavab” idi və bu hücumlar “NATO-nun dəstəyi olmadan mümkün olmazdı”.
"Bloomberg" yazır ki, həmin görüş rəsmi olaraq İranın nüvə proqramı üzrə danışıqlara həsr edilsə də, əsas müzakirə mövzusu hava məkanının pozulması olub. Görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edib.
Xatırladaq ki, bundan əvvəl NATO baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın mövqeyini dəstəkləyərək, alyans ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasının vacibliyini vurğulayıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də oxşar fikirlər səsləndirib.