Qəbələdə keçirilən MDB ölkələrinin Oyunlarında iştirak edən Rusiya stolüstü tennisçiləri Yekaterina Drozdova və Amina İlimbetova Azərbaycan mətbəxindən, xüsusilə də paxlavadan heyranlıqla danışıblar.
Modern.az xəbər verir ki, idmançılar TASS-a açıqlamalarında yarışların yüksək səviyyədə təşkil olunduğunu, qidalanmanın isə onların gözləntilərini üstələdiyini bildiriblər.
“Hər şey çox dadlıdır, burada əla qidalanırıq. Azərbaycan paxlavasına isə sadəcə vurulmuşuq”, - deyə Yekaterina Drozdova qeyd edib.
Amina İlimbetova isə əlavə edib ki, şirniyyata olan sevgiləri məşqlərdəki intensiv yüklənmələrə mane olmur:
“Çox çalışırıq, ona görə paxlavanı çəkinmədən yeyə bilirik”.
Qeyd edək ki, Qəbələ hazırda MDB ölkələrinin Oyunlarına ev sahibliyi edir və müxtəlif idman növlərində gənc idmançıları bir araya gətirir.