Modern.az-ın “Qədim şəhərin müasir bəlaları”adlı rubrikasının budəfəki buraxılışında tarixən Azərbaycan torpağı olmuş, bu gün isə Ermənistanın paytaxtı olan İrəvan şəhərindən bəhs edəcəyik.
Bir zamanlar İrəvan xanlığının mərkəzi olan bu şəhər türkdilli-müsəlman əhalisinin minillik izi üzərində formalaşıb. İrəvan qədimdən Azərbaycan türklərinin əsas məskənlərindən biri olub. Orta əsr mənbələrində şəhərin adı Rəvan, İrəvan, İrivan kimi çəkilir. XIX əsrdə Rusiya işğalından sonra şəhər Erivan (Эривань), XX əsrdə isə Yerevan adlandırılıb. Erməni tarixçiləri şəhərin adını Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni qalası ilə bağlasalar da, arxeoloji faktlar bunu təsdiqləmir.
Erebuni hərbi istehkam xarakterli olub, şəhər mərkəzinə isə çevrilməyib. Ərazidəki hidronim, oronim və oykonimlərin çoxunun Azərbaycan türkcəsində olması da bu torpağın qədimdən azərbaycanlılara məxsus olduğunu göstərir.
Xanlıqlar dövründə İrəvan dörd əsas hissədən ibarət idi - Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq. O zaman ermənilər əsasən şəhər ətrafındakı qəsəbələrdə yaşayırdılar, qalada isə əsasən azərbaycanlı əhali məskunlaşmışdı. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Bunun ardınca bölgənin demoqrafik xəritəsi dəyişdi.
Bu gün İrəvan fərqli sima daşıyır. Keçmişin silinmiş izləri, dəyişdirilmiş toponimlər və yox olmuş mədəni irs fonunda müasir şəhərin problemləri daha qabarıq görünür.
Müasir İrəvanın problemləri
İrəvan bu gün Ermənistanın paytaxtı və ən böyük şəhəridir. Sürətlə artan əhali və urbanizasiya prosesi illərdir sosial, ekoloji və iqtisadi problemləri də özü ilə gətirib.
Havanın keyfiyyəti aşağı səviyyədədir
Hava çirkliliyi İərvanən ən böyük problemli hesab edilir. Xüsusilə qış aylarında köhnə istilik sistemləri, aşağı keyfiyyətli yanacaq və sənaye emissiyaları havanı zəhərli qazlarla doldurur. Nəqliyyat vasitələrinin çoxluğu, köhnə avtomobillər və ətraf meşələrin azalması isə mənzərəni daha da ağırlaşdırır.
Nubarashen tullantı poliqonu tüstü və toksik qazlar ifraz edir, həmçinin öz-özünə alışan zibil kütlələri ilə havanı çirkləndirir. Yaşıllıqların tikinti layihələri ilə əvəz olunması da öz növbəsində ekoloji tarazlığı pozur. Sovet dövründə geniş olan park və bağların əhəmiyyətli hissəsi isə son onilliklərdə demək olar ki yoxa çıxıb.
BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Fransuaza Yakob ötən ay bildirib ki, İrəvan Cənubi Qafqazda ən pis hava keyfiyyətinə malikdir.
Su və infrastruktur sistemi köhnədir
İrəvanın su təchizatı və kanalizasiya sistemi də köhnəlib. Yay aylarında su istehlakının artması səbəbilə bəzi ərazilərdə fasilələr yaranır. Sızmalar və infrastrukturun köhnə olması isə yeni layihələrə baxmayaraq tam həllini tapmayıb. Bu isə həm ekoloji, həm də ictimai sağlamlıq risklərini artırır. Hidrotexniki qurğuların zəifliyi, xüsusilə Getar çayı ətrafında sel və torpaq sürüşməsi təhlükəsi də mövcuddur.
Sosial-iqtisadi vəziyyət inkişaflı ləngidir
İrəvanda son illərdə sosial inkişaf dinamikası ləng templə irəliləyir. Rəsmi statistika 2023-cü ildə ölkə üzrə yoxsulluğun 23,7%, paytaxtda isə 17,9% olduğunu göstərir. Sosial rifahın dərinliyində ciddi bərabərsizliklər qalmaqdadır. Orta əməkhaqqının 2025-ci ilin əvvəlində 300 min dram (təxminən 730 manat) civarında olması, artan kirayə və ərzaq qiymətləri fonunda ailələrin gəlir-xərc balansını sabit saxlamağı çətinləşdirir.
Əmək bazarında da vəziyyət arzuolunan deyil. İşsizlik 2025-ci ilin birinci rübündə 14%-ə yüksəlib, gənclər arasında bu rəqəm xüsusilə narahatedici səviyyədədir. Bu vəziyyət həm insan kapitalının itirilməsinə, həm də sosial narazılığın artmasına səbəb olur. Bir çox gənc formal sektorda deyil, qeyri-sabit xidmət sahələrində, əsasən də turizm və ticarət kimi aşağı maaşlı işlərdə çalışır.
Bütün bunlara əlavə olaraq, 2023-cü ilin payızında Qarabağdan gələn minlərlə erməni İrəvanın sosial-iqtisadi strukturlarına əlavə yük gətirib. Kirayə qiymətlər rekord səviyyəyə qalxıb.
İrəvanın gələcəyi
İrəvan vadidə yerləşdiyi üçün iqlimi quru-kontinentaldır. Yayda su qıtlığı daha da güclənir. Sürətli urbanizasiya və tikinti bumu infrastrukturun inkişaf tempini qabaqlayır, tez-tez tarixi-memarlıq irsi və yaşıl zonalar hesabına aparılır. İdarəetmə və planlaşdırmadakı çatışmazlıqlar, maliyyə məhdudiyyətləri və şəffaflığın yetərsizliyi isə öz növbəsində ekoloji və sosial problemlərin həllini ləngidir.
Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət tədbirlə görməsə, şəhərin ekoloji tarazlığı və əhalinin həyat keyfiyyəti daha da zəifləyəcək.