Modern.az

Din adı altında gizli təbliğat: keşişlərə tapşırıq verildi

Din adı altında gizli təbliğat: keşişlərə tapşırıq verildi

Dünya

29 Sentyabr 2025, 15:41

Rusiyanın Moldovada seçkilərə təsir göstərmək üçün pravoslav kilsəsindən alət kimi istifadə etdiyini üzə çıxıb.

Modern.az xəbər verir ki, araşdırma "Reuters" agentliyində dərc olunub.

Məlumata görə, yüzlərlə moldovalı keşiş və kilsə nümayəndəsi ötən il Moskvaya “ziyarət” adı altında aparılıb. Səfərlər bütün xərclər ödənilməklə təşkil olunub, din xadimlərinə əvvəlcə kilsə mağazalarında xərcləmək üçün vauçerlər, daha sonra isə Rusiya dövlət bankının debet kartları təqdim olunub. Həmin kartlarda yüzlərlə dollar pul yüklənib.

Din xadimlərindən isə qarşılıq tələb olunub, onlar Moldovaya qayıtdıqdan sonra teleqram kanalları açmalı və insanlara Avropa İttifaqına inteqrasiyanın təhlükəli olduğunu təbliğ etməlidirlər. Onlara Avropanın “ənənəvi dəyərləri məhv etdiyini, LGBT həyat tərzini zorla qəbul etdirdiyini” vurğulayan paylaşımlar etmək tapşırılıb.

Araşdırmada qeyd olunur ki, son bir ildə Moldovanın müxtəlif pravoslav icmalarına bağlı təxminən 90 yeni teleqram kanalı yaradılıb. Bu kanallarda gündəlik olaraq eyni məzmunlu paylaşımlar edilib və minlərlə insana çatdırılıb.

Moldova hökuməti və Qərb diplomatları bunu Rusiyanın açıq siyasi müdaxiləsi kimi qiymətləndirirlər. Prezident Maya Sandunun milli təhlükəsizlik müşaviri Stanislav Secrieru bildirib ki, Rusiyanın seçkiyə müdaxiləsinin ən rəzil tərəfi xalqın ən çox güvəndiyi qurum olan kilsədən siyasi silah kimi istifadə edilməsidir.

Moskva isə ittihamları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov iddiaları əsassız adlandırıb. O, “Rusiyanın heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmadığını” deyib. Moldovanın Moskva Patriarxatına tabe olan kilsə rəhbərləri də səfərlərin sadəcə dini xarakter daşıdığını, bank kartlarının isə “dini əşyalar almaq üçün” verildiyini bildiriblər.

Qeyd edək ki, bazar günü Moldovada parlament seçkiləri keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu