Modern.az

Dünya liderləri Trampın “Qəzza planı”nı dəstəklədilər

Dünya liderləri Trampın “Qəzza planı”nı dəstəklədilər

Dünya

30 Sentyabr 2025, 10:56

Bir sıra dünya liderləri və xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını dəstəklədiklərini və anklavda hərbi əməliyyatların dayandırılması üçün əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları bununla bağlı mövqelərini açıqlayıblar.

"Biz bütün tərəfləri birləşməyə və bu təklifi həyata keçirmək üçün ABŞ administrasiyası ilə işləməyə çağırırıq", - Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib.

O hesab edir ki, Fələstinin HƏMAS hərəkatı ABŞ-ın planını qəbul etməli, silahlarını yerə qoymalı və qalan girovları azad etməlidir.

Keir Starmer qeyd edib ki, Böyük Britaniya “fələstinlilərin və israillilərin təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcəyi davamlı sülhü təmin etmək” üçün tərəfdaşları ilə işləməyə hazırdır.

İtaliyanın baş naziri Giorgia Meloni də ABŞ-ın təklifini alqışlayıb və bildirib ki, bu, “döyüşlərin daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki şəxslərin tam və təhlükəsiz humanitar yardıma çıxışına imkan verən dönüş nöqtəsi ola bilər”.

Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında "İsrailin bu əsasda qəti addım atacağını" gözlədiyini bildirib.

“HƏMAS-ın bütün girovları dərhal azad edib bu plana əməl etməkdən başqa çarəsi yoxdur”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Trampın Qəzzada atəşkəs əldə etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

“Mən ABŞ Prezidenti Donald Trampın Qəzzada axan qanı dayandırmaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri təqdir edirəm”, – Ərdoğan X sosial media hesabında yazıb.

O əlavə edib ki, Türkiyə diplomatik prosesi dəstəkləməyə davam edəcək və “bütün tərəflər üçün məqbul ədalətli və davamlı sülhün” təşviqinə sadiqdir.

Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Qətər və Misirin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Trampın sülhə gedən yol tapmaq qabiliyyətinə əmin olduqlarını təsdiqləyiblər.

“Nazirlər sazişi yekunlaşdırmaq və onun region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsini təmin etmək üçün Birləşmiş Ştatlar və tərəflərlə müsbət və konstruktiv fəaliyyətə sadiq olduqlarını bir daha təsdiqləyirlər”, - birgə bəyanatda deyilir.

Trampın "Qəzza planı"na əsasən, bölgədə dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur.

Sənədə görə, İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.

Bununla yanaşı, ABŞ-nin beynəlxalq tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur.

Sənədə silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak etməməlidirlər.

Qəzzaya nəzarət müvəqqəti olaraq texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.

Plan Qəzzanın İsrail tərəfindən işğalını və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...