"Son günlər sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Azərbaycan əleyhinə məqsədli şəkildə təbliğat aparılır. Aydındır ki, bu cəhdlər Türkiyə ictimaiyyətinin həssaslığını istismar edərək qardaşlığımıza xələl gətirməyə yönəlib".
Modern.az bildirir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ictimaiyyətə təqdim edilən və BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin İsrailin Baş naziri Benyamin Netanyahunu alqışladığını iddia edən fotonun saxta olduğu üzə çıxıb.
"Netanyahu BMT-də çıxış edən zaman Azərbaycan nümayəndə heyəti salonda olmayıb. Bu, açıq şəkildə göstərir ki, aparılan təbliğatlar yalan və təhriflər üzərində qurulub. Türkiyə-Azərbaycan qardaşlığı köklü tarixi bağlar və ortaq dəyərlər üzərində qurulub. Bu gün o, təkcə keçmişin həmrəyliyi ilə deyil, həm də gələcək nəsillərə buraxacağımız müştərək layihələrlə güclənir. Dezinformasiya cəhdləri heç vaxt bu qardaşlığı zədələyə bilməz. Biz həqiqəti müdafiə etməyə və "İki dövlət, bir millət" şüarı ilə çiyin-çiyinə addımlamağa davam edəcəyik" , - deyə o paylaşımında qeyd edib.