Konqo Demokratik Respublikasının sabiq prezidenti Cozef Kabilla hərbi məhkəmə tərəfindən dövlətə xəyanətdə ittihamıə olunub.
Modern.az xəbər verir ki, o, ölüm cəzasına məhkum edilib. Bu barədə Le Figaro məlumat yayıb.
54 yaşlı Kabilla məhkəmə iclasında iştirak etməyib və onu vəkil də təmsil etməyib. Hakimlər onun Ruanda tərəfindən dəstəklənən silahlı “Martın 23 Hərəkatı”na (M23) yardım göstərməsini əsas götürərək qərar çıxarıblar.
Məlumata görə, keçmiş prezidentin ölkədə gözlənilməz şəkildə görünməsi paytaxt Kinşasada narahatlıq doğurub. Siyasi müşahidəçilər hesab edirlər ki, bu hökm Kabilanın daxildə müxalifəti ətrafında birləşdirməsinin qarşısını almağa hesablanıb. Onun hazırkı yeri barədə isə heç bir məlumat yoxdur.
Xatırladaq ki, 2001–2019-cu illərdə Konqoya rəhbərlik edən Kabilla 2023-cü ildə ölkəni tərk etdikdən sonra bu ilin əvvəlində Gome şəhərində görünüb. Həmin vaxtadək M23 hərəkatı Konqo ordusuna qarşı genişmiqyaslı hücumlar təşkil edərək Ruanda ilə sərhəd boyunca xeyli ərazini ələ keçirib.
May ayında hökumət onun ömürlük senator statusundan irəli gələn toxunulmazlığını ləğv edib, iyulda isə dövlətə xəyanət işi üzrə məhkəmə prosesi başlanıb.