ABŞ-də sentyabrın 30-da Virciniyadakı Kuantiko hərbi bazasında keçirilən qapalı müşavirə regionda yeni gərginlik ehtimallarını artırıb.
Modern.az xəbər verir ki, iclasda ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset 800-dən çox general və admiral qarşısında çıxış edərək ABŞ ordusunun əsas missiyasının “müharibəyə hazır olmaq və qalib gəlmək” olduğunu bəyan ediblər.
Müşavirənin qapalı hissəsində konkret planların müzakirə olunduğu bildirilir. ABŞ mediası isə hədəf ölkə kimi İrana diqqət çəkir.
İyunda İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran nüvə proqramını dayandırmaqdan imtina edib və Vaşinqtonla birbaşa dialoqu istisna edib.
Eyni vaxtda ABŞ Yaxın Şərqdə hərbi fəallığını artırıb. Pentaqon regiona yanacaqdoldurma təyyarələri və “Gerald Ford” aviadaşıyıcısını göndərib. Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranda “bir çox keçmiş komandirlərin artıq həyatda olmadığını” bildirib.
Tehran isə əks mövqe nümayiş etdirir. İran prezidenti Məsud Pezeşkian ABŞ-nin tələblərini rədd edib, ölkənin ali lideri Ayətullah Xamenei isə danışıqları “çıxılmaz yol” adlandırıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami də bildirib ki, zərbələr nüvə proqramını yalnız qısa müddətə ləngidib və proses davam edəcək.
“The Washington Post” yazır ki, Natanz yaxınlığında gizli yeraltı obyektin tikintisi sürətlənib. Qəzetin məlumatına görə, yeni tunellər uranın zənginləşdirilməsi və ya saxlanılması üçün nəzərdə tutula bilər.