Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksutyun” partiyasının üzvü Geqam Manukyanla kəskin mübahisə edib.
Modern.az xəbər verir ki, mübahisəyə səbəb deputatın 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış bəyannamənin məzmununa şübhə ilə yanaşması olub.
Manukyan, həmçinin Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının maliyyə mənbələri barədə suallar qaldırıb. Buna cavab olaraq Paşinyan deputatı yalançılıqda ittiham edib və onu inqilaba çağırışlardan imtina etməkdə qınayıb:
“Son 7 ildə 87 dəfə inqilaba çağırış etmisiniz. Amma Vaşinqton Bəyannaməsindən sonra susmusunuz. Əgər hər şey bu qədər pisdirsə, niyə hələ də parlamentdəsiniz? Gedin, küçələrdə inqilab edin. Burada yumşaq kreslolarda oturmağa utanmırsınızmı?” – deyə Paşinyan bildirib.
Baş nazir daha sonra “Daşnaksutyun” partiyasını gizli fəaliyyət aparmaqda və xarici ölkələrdən maliyyə dəstəyi almaqda ittiham edib:
“Mən düşünürəm ki, bəzi ölkələrin büdcəsindən sizə çamadanlarla vəsait gətirilir. Siz yalnız Ermənistan Respublikasından maaş almırsınız”, – deyə o vurğulayıb.