Yunanıstan paytaxtı Afinada minlərlə insan küçələrə çıxaraq hökumətin əmək qanunvericiliyinə təklif etdiyi dəyişikliklərə etiraz edib.
Modern.az xəbər verir ki, dövlət qulluqçuları və həmkarlar ittifaqları ilə yanaşı özəl sektor işçiləri də 24 saatlıq ümummilli tətil elan ediblər.
Qeyd olunur ki, təklif olunan dəyişikliklər iş şəraitinə daha çox “elastiklik” gətirməyi nəzərdə tutur. Yeni qanun layihəsinə görə, bəzi növbələr 13 saata qədər uzadıla bilər. Bundan başqa, həftəlik iş vaxtı 48 saat olaraq müəyyənləşdirilir və illik maksimum 150 saatlıq əlavə işləməyə icazə verilir.
Lakin Yunanıstanın Ümumi Həmkarlar Konfederasiyası bunun əksinə olaraq iş həftəsinin 37,5 saat müəyyən edilməsini tələb edir. İttifaq nümayəndələri bəyan ediblər ki, uzunmüddətli iş rejimi insanları tükəndirir: “Biz 13 saatlıq növbəyə qarşıyıq. İşçilərin dözümünün də bir həddi var.”
Tətil çərçivəsində Afinada ictimai nəqliyyat, taksilər və dövlət idarələri ya fəaliyyətini dayandırıb, ya da qısa iş qrafiki ilə işləyib.