“Çoxşaxəli dəstəyə görə Fransaya təşəkkür edirəm”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Paşinyan və Makron çoxşaxəli Ermənistan-Fransa əməkdaşlığının inkişafı və perspektivlərini müzakirə ediblər. Tərəflər Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib və yeni birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin regional proseslərlə bağlı məsələlər, Vaşinqton Sülh Sammiti zamanı əldə olunan razılaşmalar, TRIPP layihəsinin icrası müzakirə edilib.
Makron ölkəsinin Ermənistanın müstəqilliyi və suverenliyinə, həmçinin demokratik islahatlar gündəliyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Öz növbəsində Paşinyan bu mühüm məqamda Ermənistana çoxşaxəli dəstəyə görə Fransaya təşəkkür edib.
Tərəflər ikitərəfli və çoxtərəfli məkanlarda sıx təmasları davam etdirmək barədə razılığa gəliblər.