Ermənistan üçün Azərbaycanla kommunikasiyaların tezliklə açılması strateji əhəmiyyət daşıyır.
Modern.az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" kanalına müsahibəsində danışıb.
Mirzoyanın sözlərinə görə, Ermənistan yeni nəqliyyat marşrutlarının açılmasında birbaşa maraqlıdır:
“Biz açıq şəkildə deyirik ki, Azərbaycanla dəmir yolu və digər əlaqələrin bərpası Ermənistan üçün prioritetdir. Çünki bu, ölkəmizi regional iqtisadiyyatın əsas benefisiarlarından birinə çevirir. Ekspertlər bildirirlər ki, dəmir yolunun tikintisi azı iki il çəkə bilər. Amma bu müddətdə biz Azərbaycan ərazisindən istifadə edərək yükləri göndərmək və qəbul etmək imkanına malik ola bilərik”.
Ermənistan XİN rəhbəri qeyd edib ki, Bakı ilə sülh müqaviləsinin mətni artıq paraflanıb: “Biz bu sənədi mümkün qədər tez imzalamağa hazırıq. Azərbaycan tərəfi bəzi ilkin şərtlər irəli sürür, biz isə həmin gündəliyi bölüşmürük. Lakin yekun mərasimədək də bir sıra proseslər həyata keçirilə bilər. Məsələn, beynəlxalq platformalarda bir-birimizə daha tolerant yanaşmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək mümkündür”.
Nazir sərhədin delimitasiyası ilə bağlı da danışıb: “Proses çoxdan başlayıb. Artıq 12 kilometr sərhəd müəyyən edilib. Bu ərazilərdə yerləşən kəndlərdə insanlar özlərini daha təhlükəsiz hiss edirlər. Orada yeni məktəblər tikilib, kəndlər inkişaf edir. Heç bir təhlükəsizlik problemi yoxdur”.
Mirzoyan vurğulayıb ki, tərəflər nəqliyyat və kommunikasiya xətlərini qarşılıqlı şəkildə paylaşmaq barədə razılığa gəliblər: “Armeniya Azərbaycan dəmir yolu şəbəkəsinə, Azərbaycan isə Ermənistanın dəmir yollarına çıxış əldə edəcək. Sonrakı mərhələdə avtomobil yolları və digər infrastruktur da bu əməkdaşlığa daxil ola bilər. Biz bunlardan bir-birimizlə Avropadakı kimi, sadəcə adi qonşular kimi istifadə edə bilərik”.
Müsahibədə Mirzoyan Rusiyanın mediası və siyasətçilərinin Ermənistan hökumətinə yönəltdiyi sərt tənqidlərə də münasibət bildirib: “Bəzən Rusiya rəsmiləri sülhü dəstəkləyən açıqlamalar versələr də, eyni zamanda rusiyalı deputatlar, ekspertlər və dövlət mediası bizi kəskin tənqid edir. Amma əsas odur ki, Ermənistan xalqı azad seçkilərdə qərarını verir və siyasi qüvvələr də bu seçimi həyata keçirir. Buna hörmətlə yanaşmaq lazımdır”.