Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Prokurorluğu və polis əməkdaşlarının birgə keçirdiyi “Metron Fəaliyyəti” adlı əməliyyat nəticəsində İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanılıb.
Modern.az-ın məlumatına görə, saxlanılan şəxs əvvəllər Serkan Çiçək adı ilə tanınıb, əsl adı isə Məhəmməd Fatih Keleşdir.
O, “Pandora” adlı xüsusi detektiv agentliyinin sahibi olub. Məlumata görə, Keleş maddi çətinliklər səbəbindən adını dəyişib və 2020-ci ildən peşəkar casusluqla məşğul olmağa başlayıb. İyul ayında o, “Mossad”ın agenti kimi təqdim edilən Faysal Rəşidlə "WhatsApp" vasitəsilə əlaqə qurub.
İstintaqın versiyasına görə, israilli kurator özünü hüquq şirkətinin nümayəndəsi kimi qələmə verib, Keleşə İstanbulun Başakşəhər rayonunda yaşayan bir fələstinli aktivisti izləməyi tapşırıb.
Bu işə görə şübhəliyə 4 gün ərzində 4 min dollar kriptovalyuta ilə ödənilib.
Türkiyə mediası yazır ki, Keleşin yaxın əməkdaşı Musa Kuş daha əvvəl İsrailə casusluq ittihamı ilə 19 il həbs cəzası alıb. Bunu bildiyi halda, Keleş yenə də “Mossad”ın tapşırığını qəbul edib.
Lakin o, verilən ünvan üzrə aktivisti tapa bilməyib. Yalnız ərazidə kəşfiyyat apararaq, bunu mənzil kirayələmək adı altında gizlətməyə çalışıb. Lazımi foto və məlumatları toplaya bilmədiyi üçün kuratorla əlaqəsi kəsilib.
Hazırda saxlanılan şəxsin işi ilə bağlı İstanbul Prokurorluğunda istintaq davam etdirilir.