Modern.az

Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!

Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!

Dünya

3 Oktyabr 2025, 17:14

“Macarıstan Ukraynadakı müharibəyə qarışmamalıdır”, - Modern.az xəbər verir ki, bunu baş nazir Viktor Orban mətbuata müsahibəsində bildirib.

O, Macarıstanın mövqeyi ilə Avropa İttifaqının(Aİ)  yanaşması arasında artan uçurumu vurğulayaraq, "bu fikir ayrılığı deyil, fəaliyyət fərqliliyidir" deyib.

Orban Avropanın hərbi strategiyasını “fundamental səhv” adlandırıb. Belə ki, Rusiyanın Avropadan əvvəl pulunun tükənəcəyi və bu iqtisadi tükənmənin Rusiyanı geri çəkilməyə məcbur edəcəyi ilə bağlı ehtimallar özünü doğrultmayıb.

O, Avropa İttifaqının artıq 170-180 milyard avro xərclədiyini, lakin müharibənin sonunun görünmədiyini qeyd edib. Orbanın sözlərinə görə, bu, qarşı tərəfin danışıqlardan imtina etdiyi müharibələr tarixində görünməmiş bir hadisədir. O, iddia edib ki, Avropa İttifaqı Ukraynanı növbəti münaqişəyə sövq etməməli və bunun əvəzinə Rusiya ilə danışıqlara başlamalıdır.

“Müharibə nə qədər uzun davam etsə, bir o qədər çox insan öləcək”, - o deyib.

Viktor Orbanın qaldırdığı ən aktual məsələlərdən biri Ukraynanın Aİ-yə potensial üzvlüyü olub. O, təkrar edib ki, belə bir addım bütün 27 üzv dövlətin yekdil dəstəyini tələb edəcək - Macarıstan isə bunu dəstəkləməyəcək.

"Macar xalqı Ukrayna ilə ittifaqda olmaq istəmir", - o bildirib.  Orbanın fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü Macarıstanı faktiki olaraq müharibəyə sürükləyəcək:

“Biz ukraynalıların qəhrəmancasına mübarizəsinə rəğbət bəsləyirik, lakin onların taleyini bölüşmək istəmirik”.

Baş nazir bəyan edib ki, Macarıstan hökuməti Böyük Britaniya və Türkiyə ilə əldə etdiyi razılaşmalara bənzər Ukrayna ilə ikitərəfli tərəfdaşlığı dəstəkləyir, lakin tam üzvlüklə bağlı deyil.

"Ukraynanı Aİ-yə qəbul etsək, Rusiya ilə müharibə vəziyyətində olacağıq. Biz Ukrayna üçün ölmək istəmirik", - deyə o, macarların həyat və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?