Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili bu gün keçirilən bələdiyyə seçkilərində iştirak edib.
Modern.az xəbər verir ki, o, həyat yoldaşı, oğlu və çoxsaylı mühafizəçiləri ilə birlikdə səsvermə məntəqəsinə gəlib.
Seçki məntəqəsində qısa bəyanatla çıxış edən İvanişvili jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, vətəndaşlara müraciət edərək seçkilərdə fəal iştirak etməyə çağırıb və “Gürcü arzusu”nun ölkədə azad və şəffaf seçki mühiti yaratdığını bildirib.
“Partiyamız cəmiyyətə azad iradəsini ifadə etmək imkanı verib. Hakimiyyətə gəldiyimiz 13 il ərzində söz, biznes və həyat tərzi azadlığını möhkəmləndirmişik. Ən böyük nailiyyətimiz isə cəmiyyətin artıq düzgün nəticə çıxarmağı öyrənməsidir”, – deyə İvanişvili vurğulayıb.
Siyasətçinin sözlərinə görə, “Gürcü arzusu”nun illər ərzində apardığı siyasət nəticəsində Gürcüstanda sabitlik və iqtisadi inkişaf təmin olunub. O, ölkə vətəndaşlarının “ağla qaradan fərq qoymağı bacardığını” bildirib.
Qeyd edək ki, Gürcüstanda keçirilən bu bələdiyyə seçkilərini bir sıra müxalifət partiyaları boykot edir.