Gürcüstanda ekstremist hesab olunan siyasi partiyalar ləğv olunacaq. Artıq onların konstitusiyaya zidd elan edilməsi üçün iddia hazırlanır.
Modern.az xəbəri verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, konstitusiya iddiası parlamentin müvəqqəti istintaq komissiyasının hesabatı əsasında tərtib olunacaq.
Papuaşvili deyib ki, bütün ölkələrdə ekstremizmlə mübarizədə tətbiq olunan qanunvericilik alətləri istifadə edilməlidir.
“Xatırladım ki, Almaniyada bu yaxınlarda ekstremist təşkilat ləğv olunub. Müxtəlif ölkələrdə bu cür partiyalar qadağan edilir. Bu yaxınlarda Moldovada bir partiya ləğv olunub. Demokratiya özünü antidemokratlardan və demokratiyanın düşmənlərindən qorumalıdır” – deyə Papuaşvili vurğulayıb.
Müvafiq iddianın ölkənin Konstitusiya Məhkəməsinə bu ay təqdim olunacağı bildirilib.