Modern.az

ABŞ Cənubi Qafqazda post-Putin dövrünə HAZIRLAŞIR

ABŞ Cənubi Qafqazda post-Putin dövrünə HAZIRLAŞIR

Dünya

5 Oktyabr 2025, 22:29

ABŞ Senatında sentyabrın son günlərində Qara dəniz və Cənubi Qafqaz regionu üzrə dinləmələr keçirilib.

Modern.az-ın məlumatına görə, Senatın Beynəlxalq münasibətlər komitəsinin Avropa ilə əməkdaşlıq və regional təhlükəsizlik üzrə altkomitəsi “ABŞ-ın Qara dənizdə gələcək strategiyası” mövzusunda iclas keçirib.

Dinləmələrdə senatorlar Kris Merfi, Stiv Deins, eləcə də tanınmış analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.

İclasda əsas məruzəçi Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun qurucusu Frederik Starr olub. O bildirib ki, Qara dəniz təkcə coğrafi məkan deyil, Avropanı, Qafqazı və Mərkəzi Asiyanı qlobal iqtisadiyyatla birləşdirən strateji arteriyadır.

Ekspertin fikrincə, ABŞ-ın hazırkı siyasəti regionun spesifik xüsusiyyətlərini tam nəzərə almır və Vaşinqtondan daha çox fəallıq və təşəbbüskarlıq tələb olunur. Starr həmçinin qeyd edib ki, Rusiya Qara dənizdə və ətraf regionlarda əsas dağıdıcı qüvvəyə çevrilib.

Onun sözlərinə görə, Ukrayna müharibəsində uğursuzluqlara baxmayaraq, Moskva Qara dənizdəki nüfuzunu qorumağa çalışır və regional liman infrastrukturunun bir hissəsini nəzarətə götürüb.

Frederik Starr çıxışında Cənubi Qafqazın strateji roluna da xüsusi diqqət ayırıb. O bildirib ki, Gürcüstan, Azərbaycan və Ermənistanın hərəkət azadlığı onların Qara dənizə çıxış imkanından asılıdır. Bu çıxış olmadan region ölkələri ya Rusiyanın, ya da Çinin təsir dairəsində qalır.

Ekspert vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan Qərblə əməkdaşlığa daha açıq mövqe nümayiş etdirir, Gürcüstan isə yaxın gələcəkdə ABŞ-la strateji dialoqa qayıda bilər.

Starr, həmçinin ABŞ-ın Qara dəniz siyasətinin yenidən nəzərdən keçirilməsini və NATO-nun akvatoriyada rotasiya prinsipi ilə daimi dəniz qüvvəsi saxlamasını təklif edib.

Onun fikrincə, bu qüvvə Ukrayna, Moldova və Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə mühüm töhfə verəcək.

“Rusiya artıq daxili transformasiya mərhələsinə daxil olub və post-Putin dövrünə doğru hərəkət edir. ABŞ bu yeni reallığı nəzərə alaraq region strategiyasını yenidən formalaşdırmalıdır,” – deyə amerikalı ekspert qeyd edib.

Müzakirələrin yekununda ABŞ analitikləri bildiriblər ki, Qara dəniz və Cənubi Qafqaz regionu gələcəkdə Avropanın enerji və təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilməlidir.

Bunun üçün Vaşinqtondan daha sistemli, koordinasiyalı və uzunmüddətli strategiya gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu