ABŞ Prezidenti Donald Tramp Venesuela narkokartellərinə qarşı əməliyyatların miqyasının genişlənə biləcəyini istisna etməyib.
Trampın sözlərinə görə, narkotik qaçaqmalçıları artıq əsasən dəniz deyil, quru marşrutlarından istifadə etməyə başlayıblar və Vaşinqton bu fəaliyyətin qarşısını “hərbi yolla” almağa hazırdır.
Modern.az xəbər verir ki, Tramp bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında çıxışı zamanı danışıb.
“Onlar artıq dənizlə gəlmirlər, indi biz quru marşrutlarına nəzarət etməliyik, çünki onlar məcburən bu yolu seçəcəklər. Amma deyim ki, bu, onlar üçün yaxşı bitməyəcək”, – Tramp qeyd edib.
Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ ordusu növbəti dəfə narkotik daşıyan bir qayığı vurub. “Bu qayıqlardan hər biri 25 min amerikalının ölümünə və ailələrin dağılmasına görə məsuliyyət daşıyır. Belə baxanda biz xeyirxah bir iş görürük. Dünən gecə daha birini məhv etdik”, – deyə Tramp vurğulayıb.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı mübarizədə yetərli tədbirlər görməməkdə ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri son aylarda Karib dənizinin beynəlxalq sularında azı üç sürətli qayığı məhv edib. Onlarda 18 nəfərin olduğu və Venesueladan narkotik daşıdıqları iddia olunur.
Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı da bəyan edib ki, ABŞ silahlı qüvvələri Venesuela narkokartelləri ilə, o cümlədən prezident Nikolas Maduronun adı ilə əlaqələndirilən qruplarla mübarizəni davam etdirəcək. ABŞ mediasının məlumatına görə, yaxın həftələrdə Vaşinqtonun Venesuela ərazisində kartellərin obyektlərinə hava və quru zərbələri endirməsi istisna olunmur.