UNESCO-nun İcraiyyə Şurasının 222-ci sessiyası oktyabrın 6-da təşkilatın Parisdəki qərargahında işinə başlayıb. Sessiya oktyabrın 16-dək davam edəcək. UNESCO-nun yeni Baş direktoru seçiləcəyi 222-ci sessiya beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Modern.az xəbər verir ki, 222-ci sessiyanın plenar iclasında sessiyanın rəsmi açılışı baş tutub və əsas məsələlər müzakirəyə çıxarılıb. Plenar iclasın gündəliyinin qəbul olunması, I və V(a) qrupları üzrə sədr müavinlərinin seçilməsi məsələləri müzakirə olunub. Büro hesabatının təqdimatı keçirilib. Həmçinin 221-ci sessiyanın protokolları təsdiqlənib. Sessiyanın 4-cü və 21-ci məsələləri üzrə UNESCO-nun Baş direktoru ümumi giriş nitqi ilə çıxış edib.
Günortadan sonra debatlar davam edib.
Plenar iclasda 27-ci məsələ - UNESCO-nun Baş direktoru vəzifəsinə namizədin irəli sürülməsi əsas diqqət mərkəzində olacaq. Bu məsələ xüsusi əhəmiyyət daşıyır, çünki təşkilatın növbəti rəhbərinin kim olacağı ilə bağlı gizli səsvermə keçiriləcək. Səsvermə qapalı iclasda aparılacaq.
Gecə saatlarında ictimai iclasda keçirilən səsvermənin nəticələri elan olunacaq. Yeni Baş direktorun kimliyi barədə rəsmi açıqlamanın yaxın saatlarda təşkilatın rəsmi kanalları vasitəsilə paylaşılması gözlənilir.
Gündəlikdə təhsil, mədəniyyət, elmi əməkdaşlıq, irs və beynəlxalq dialoq kimi mövzular da yer alır. Sessiya UNESCO-nun gələcək strategiyalarını formalaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə 58 üzv ölkənin nümayəndələri ilə yanaşı, müşahidəçi statusunda olan dövlətlər və beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edirlər.