Bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür, onun 73 yaşı tamam olub.
Modern.az xəbər verir ki, Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. O, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin istefasından sonra, 2000-ci ildən prezident postuna gəlib. 2008-ci ildən 2012-ci ilədək ölkənin baş naziri vəzifəsini tutub. 2012-ci ildə yenidən prezident seçilib.
Vladimir Putin bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən diktator hesab edilir və onun çoxsaylı islahatları Rusiya müxalifəti və xarici müşahidəçilər tərəfindən antidemokratik kimi qiymətləndirilib.
2011-ci ildə dərc edilən Demokratiya İndeksinə görə, Putinin namizədliyi və saxta parlament seçkiləri nəticəsində Rusiya hibrid dövlət sistemindən avtoritarizmə keçid edib.
2014-cü ildə Rusiyanın G8-də iştirakı Krımın işğalı ilə əlaqədar dayandırılıb.
Putinin göstərişi ilə 2021-ci ilin sonlarında Ukrayna sərhədi yaxınlığında Rusiya qüvvələrinin toplanmasına başlanılıb və bu, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma çevrilib. Bu müharibə Rusiyaya qarşı misli görünməmiş növbəti sanksiyalara (o cümlədən şəxsən Putinə qarşı) gətirib çıxardı ki, bu da ölkədə müəyyən maliyyə böhranına səbəb oldu.