Argentina Prezidenti Xavyer Miley ölkədəki siyasi gərginlik və iqtisadi çətinliklər fonunda özünəməxsus addım atıb.
Modern.az xəbər verir ki, o, “Banda Presidencial” adlı musiqi qrupunun tərkibində konsert verib.
Qara dəri geyimdə səhnəyə çıxan prezident rok musiqilər səsləndirilib.
Konsertdən sonra onun “Möcüzənin yaranması: Argentina təcrübəsi” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
573 səhifəlik kitab əsasən prezidentin son bir ildəki çıxışlarından ibarətdir və Miley bu nəşrlə 26 oktyabrda keçiriləcək seçkilər öncəsi reytinqini bərpa etməyə çalışır. Hazırda o, iki ilə yaxın davam edən prezidentliyinin ən çətin mərhələsini yaşayır.
Son aylarda prezidentin qarşısında bir sıra böhranlar yaranıb. Ötən ay Buenos-Ayresdəki bələdiyyə seçkilərində məğlubiyyətdən sonra pesosun dəyəri kəskin düşüb, Miley isə maliyyə yardımı üçün Vaşinqtona üz tutmaq məcburiyyətində qalıb. ABŞ-dan gözlənilən yardım hələ də təsdiqlənməyib.
Konsertin məqsədi Mileyin 2023-cü il seçki kampaniyasında yaratdığı “rock ulduzu” imicini yenidən canlandırmaq olub. Prezident Argentina bayrağına bürünərək təxminən 12 mahnı oxuyub, səhnədən antisemit hücumları pisləyib və “solun yaymağa çalışdığı ksenofobiyaya icazə verməyəcəyini” bildirib.
Bundan sonra o, yəhudi xalq mahnısı “Hava Nagila”nı səsləndirib, lakin tamaşaçıların reaksiyası zəif olub. Miley yəhudi deyil, lakin dəfələrlə yəhudiliyə rəğbətini ifadə edib.