Modern.az

Makron kreslosunu itirə bilər

Makron kreslosunu itirə bilər

Dünya

7 Oktyabr 2025, 21:17

Fransa Milli Assambleyasının Bürosu prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması (impiçment) proseduruna başlanması ilə bağlı təşəbbüsü müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Qeyri-itaətkar Fransa” partiyasının rəhbəri Matilda Pano məlumat verib.

Pano sosial şəbəkədə paylaşımında bildirib ki, artıq 104 parlament üzvü onun istefası ilə bağlı qətnaməni imzalayıb.

Sabah Milli Assambleyada yeni səsvermə keçiriləcək.

Partiyanın lideri Jan-Lyuk Melanşon da prezidentin impiçment təşəbbüsünün təcili şəkildə gündəliyə salınmasına çağırıb.

Fransa Milli Assambleyasında 577 deputat var və sentyabr ayının ortalarında yüzdən artıq parlamentar bu təşəbbüsə dəstək verib. Prosedurun başlanması barədə qərarı Assambleyanın kollegial orqanı olan Büro qəbul edir.

Siyasi böhran ölkədə hökumət dəyişikliyi ilə daha da dərinləşib. 8 sentyabrda baş nazir Fransua Bayrunun kabineti etimad səsverməsinin uğursuz nəticəsindən sonra istefa verib. Ertəsi gün prezident Makron müdafiə naziri vəzifəsini icra edən Sebastyan Lekornyunu yeni baş nazir təyin edib.

Lakin 6 oktyabrda Lekornyu da istefa verib, o, baş nazir postunda cəmi 27 gün qalıb. Onun gedişi, yeni kabinetin tərkibi elan edildikdən bir neçə saat sonra baş verib. Yeni hökumət həm Makronun tərəfdarları, həm də müxalifət tərəfindən sərt tənqid olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!