Norveç Nobel Komitəsi bu ilki Nobel Sülh Mükafatının sahibini bu gün Bakı vaxtı ilə saat 12:00-da açıqlayacaq.
Ancaq bu qərar ABŞ prezidenti Donald Trampın uzun müddətdir arzuladığı mükafatı alma ümidlərinə zərbə vurub. Çünki Trampın elan etdiyi Qəzzədə atəşkəs razılaşması Nobel Komitəsinin yekun qərarından bir gün sonra baş tutub.
Komitənin beş üzvü son iclasını bazar ertəsi keçirib və qalibin seçilmə səbəblərini izah edən bəyanata son düzəlişləri edib. Tarixən qərar adətən həmin iclasdan bir neçə gün əvvəl verilir.
Modern.az-ın məlumatına görə, norveçli tarixçi və Nobel mütəxəssisi Asle Svin “AFP” agentliyinə bildirib ki, Qəzzə razılaşması bu ilin mükafatına təsir etməyəcək.
“Nobel Komitəsi artıq qərarını verib. Trampın bu ilki mükafatı almayacağına yüz faiz əminəm”, - deyib.
Bu il Nobel Sülh Mükafatına 388 şəxs və təşkilat namizəd göstərilib. Favorit olmasa da, müxtəlif adlar müzakirə olunur.
Namizədlər arasında Sudandakı aclıq və müharibə şəraitində insanlara yardım edən “Fövqəladə Vəziyyətlərə Reaksiya Otaqları” adlı könüllü şəbəkəsi, Kremlin opponentlərindən Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, eləcə də Avropada seçkiləri müşahidə edən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu var.
Ekspertlər eyni zamanda Nobel Komitəsinin bu il mükafatı BMT-nin baş katibi Antonio Quterreşə və ya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) və yaxud Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) verilə biləcəyini istisna etmirlər.
Donald Tramp ötən gün jurnalistlərin Nobel Mükafatı ilə bağlı sualına belə cavab verib: “Nə qərar verəcəklərini bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: heç kim doqquz ayda səkkiz müharibəni dayandırmayıb. Mən dayandırdım və onların ən böyüyü Qəzzə müharibəsidir.”
Nobel Sülh Mükafatının qalibi bu gün Oslo şəhərində keçiriləcək mətbuat konfransında açıqlanacaq.