“Bu il iyunun 27-də Yekaterinburqda yerli güc strukturlarının əsassız və zorakı bir şəkildə evindən aparıb həbs etdikləri qardaşım Səfərov Bakir Mehdi oğlu hələ də qanunsuz olaraq təcridxanada saxlanılır. Doğma qardaşları Hüseyn və Ziyəddin Səfərovların Rusiya güc strukturları tərəfindən işgəncə verilərək qətlə yetirilməsi, özünün də aylardan bəri davam edən böyük haqsızlıq, ciddi qanunsuzluqla üzləşməsi Bakir müəllimin mənəvi-psixoloji durumuna ağır zərbələr vurub. Eyni zamanda bütün bunlar 62 yaşlı Bakir müəllimin fiziki sağlamlığını da sarsıdıb”.
Bu fikirləri Modern.az-a tanınmış ədəbiyyatşünas və publisist, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli (Səfərov) bildirib. O deyib ki, qardaşı Bakir Səfərov səhhətindəki problemlərlə əlaqədar indiyədək yalnız təcridxana şəraitinə xas dərəcədə yetərsiz, simptomatik tibbi dəstək ala bilib:
“Halbuki yüksək qan təzyiqi, onurğa ağrıları və saxlandığı çətin şəraitdən də qaynaqlanan digər sağlamlıq problemləri ilə əlaqədar onun geniş ixtisaslı müayinə və müntəzəm müalicə alması həyati zərurətdir”.
S.Hüseynli qeyd edib ki, bu müddətdə qardaşı ilə yalnız vəkili vasitəsilə, bəzən qısa məktublarla əlaqə saxlamaq mümkün olub. Ailə üzvləri ilə görüşünə, doğmaları ilə ünsiyyətinə icazə verilməyib:
“İstintaqın gedişi, əldə olan təhqiqat materialları barədə vəkilindən aldığımız çox məhdud məlumat da göstərir ki, qardaşım Bakir Səfərovun tutulması bütünlüklə əsassızdır və bir neçə cəhətdən qərəzli münasibətin nəticəsidir. Onun indiyədək təcridxanada saxlanılması tamamən qanunsuz və ədalətsiz haldır. Bildiyimiz qədərilə, istintaq zamanı zərərçəkmiş və şahid kimi qəbul edilənlər də öz ifadələrində Bakir Səfərovun araşdırılan işlərlə, ələlxüsus kriminallıqla heç bir bağlılığı olmadığını, onu əsl ziyalı, yüksək əxlaqa, dürüst və təmkinli mövqeyə malik, örnək sayılacaq insan kimi tanıdıqlarını vurğulayıblar.
Bakir müəllimin nümunəvi həyat yoluna, yüksək şəxsi keyfiyyətlərinə, ali təhsilli rus dili və ədəbiyyatı müəllimi olaraq çoxillik səmərəli pedaqoji fəaliyyətinə dair sənədlər, həmçinin yaxından tanıyan insanların, yerli qurumların onun haqqında zəmanət xarakterli müraciətləri də müvafiq qaydada istintaq orqanlarına təqdim edilib”.
S.Hüseynlinin bildirdiyinə görə, qardaşı Bakir Səfərovun, eləcə də iyunun 27-də Yekaterinburqda tutulan digər soydaşlarımızdan ibarət qrupun yaxın günlərdə növbəti məhkəmə prosesinin keçiriləcəyi gözlənilir:
“Rusiya güc strukturlarının qəddarlıqla, çox ciddi hüquqpozmalarla törətdikləri bu hadisənin Azərbaycan dövlətinə və xalqına qarşı qatı qəsd-qərəzin amansız göstəricisi olaraq siyasi-milli motiv daşıdığı aydındır. Azərbaycan dövlətinin ali rəhbərliyi, hər zaman olduğu kimi, bu hadisə ilə də bağlı elə ilk saatlardan son dərəcə qətiyyətli, prinsipial mövqe tutdu. Orada zülmə məruz qalan soydaşlarımızın həyatının və hüquqlarının müdafiəsi üçün operativ, məqsədyönlü və effektiv addımlar atıldı. Qətlə yetirilmiş qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların cənazəsinin oradakı qurumlardan alınaraq vətənə gətirilməsi, cənazələrin qarşılanması və dəfni həm dövlətimizin adına, həm də xalqımızın adət-ənənəsinə uyğun şəkildə təşkil edildi. Onların ailə üzvləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olundu. Eləcə də digər dövlət qurumlarının təmsilçiləri, media və ictimaiyyət nümayəndələri, xalqımızın təəssübkeş övladları bu ailələrə münasibətdə həssaslıq, qayğıkeşlik göstərdilər”.
S.Hüseynli vurğulayıb ki, Azərbaycan rəhbərinin vətəndaşlarımızın və soydaşlarımızın hüquqlarını qorumaq naminə ardıcıl siyasəti son günlər yenə də öz müsbət nəticələrini verməkdədir. Rusiya tərəfindən münasibətləri normallaşdırmaq üçün göstərilən israrlı cəhdlər, rəsmi Moskvanın Azərbaycanla əlaqələri normallaşdırmaq yolunda israrlı təşəbbüs və addımları bunun aşkar təzahürləridir. İki dövlət başçısının oktyabrın 9-da Düşənbədə keçirilən görüşü, qurulan konstruktiv təmas və aparılan faydalı müzakirələr Rusiyada zülm və haqsılığa məruz qalan azərbaycanlıların taleyi, hüquqlarını təmini baxımından da yüksək əhəmiyyətə malik siyasi təmasdır.
S.Hüseynlinin fikrincə, cənab İlham Əliyevlə görüşdə Putinin təyyarəmizin qəzaya uğradılmasına görə ətraflı hesabat verərək bir daha üzr istəməsi əslində son zamanlar Rusiyada azərbaycanlılara qarşı törədilmiş digər amansız, qanunsuz əməllərlə də bağlı etiraf və üzrxahlıq cəhdi hesab edilə bilər:
“Səfərovlar ailəsi olaraq qəlbən inanırıq ki, Azərbaycan dövlətinin ali rəhbərliyi qardaşım Bakir Səfərovun ən tez zamanda ədalətli məhkəmə yolu ilə azadlığa buraxılması naminə öz prinsipial mövqeyini bir daha nümayiş etdirəcək. Bunun hüquqi-qanuni zəmində gerçəkləşdirilərək haqq-ədalətin bərpası üçün Rusiya tərəfinin yubanmadan gərəkli addımları atmasına nail olacaq. Dövlətimizin diqqəti və ardıcıl tədbirləri sayəsində Rusiyanın müvafiq qurumları tərəfindən Hüseyn və Ziyəddin Səfərovların qətlinin obyektiv araşdırılaraq səbəbkarların cəzalandırılacağına, onların ailələrinə üzrxahlıq bildirilərək maddi-mənəvi təzminat ödənilməsinin təmin olunacağına da ümidlərimiz böyükdür. Həmçinin orada tutulan digər soydaşlarımızın da məsələsinə ədalətlə baxılmasının, hüquqlarının bərpasının Azərbaycan dövlətinin davamlı diqqətində qalmasını təmənna edirik və belə də olacağına ümidvarıq”.