Qəzza zolağında atəşkəs razılaşması bu gün Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.
Modern.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Ordudan bildirilib ki, atəşkəs elan olunsa da, İsrail qüvvələri hələlik Qəzza ərazisində qalacaq. Məqsəd HƏMAS hərəkatına təzyiqin davam etdirilməsi və razılaşmada nəzərdə tutulan silahsızlaşdırma bəndinin icrasını təmin etməkdir.
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, atəşkəs Trampın təqdim etdiyi sülh planının ilk mərhələsidir və onun həyata keçirilməsi HƏMAS-ın silahdan tam imtinasını nəzərdə tutur.
“İsrail ordusu atəşkəs rejiminə əməl edir, lakin biz HƏMAS-ın tam silahsızlaşdırılması və Qəzzanın demilitarizasiyasına qədər bölgədə qalacağıq,” - deyə Netanyahu bildirib.
Rəsmi məlumatlara görə, ABŞ Prezidenti Donald Trampın planının növbəti mərhələsində Qəzzanın demilitarizasiyası, israilli girovların azad olunması və beynəlxalq nəzarət mexanizminin yaradılması nəzərdə tutulur.