ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinin onun məktubuna cavab verdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə o, oktyabrın 10-da Ağ Evdə çıxışı zamanı bildirib.
Melaniya Trampın sözlərinə görə, məktub Ukraynadan Rusiyaya aparılan uşaqlarla bağlı olub. O deyib ki, Vladimir Putin məktubuna yazılı şəkildə cavab verib və “birbaşa əməkdaşlığa hazır olduğunu” bildirib:
“Prezident Putin məktubuma cavabında həm Ukraynadan olan uşaqların Rusiyada yerləşdirilməsi barədə ətraflı məlumat verdi, həm də bu mövzuda mənimlə birbaşa işləmək istədiyini bildirdi.”
Birinci xanım vurğulayıb ki, son üç ay ərzində onun nümayəndələri ilə Rusiya tərəfi arasında bu məsələ üzrə daimi əlaqə saxlanılıb və bir neçə görüş keçirilib.
“Bizim nümayəndəmiz Putinin komandası ilə birbaşa işləyərək Ukrayna və Rusiya arasındakı ailələrin birləşdirilməsini təmin edib. Son 24 saatda səkkiz uşaq ailələri ilə yenidən görüşüb. Onlardan üçü döyüşlər nəticəsində ailələrindən ayrı düşmüşdü, daha beş nəfər isə sərhədin o tayında yaxınlarından təcrid olunmuşdu. Onların arasında kiçik bir qız da var idi, o, artıq Rusiyada ailəsi ilə görüşüb,” – deyə Melaniya Tramp əlavə edib.
ABŞ-ın birinci xanımı bildirib ki, Rusiya tərəfi “hazırkı vəziyyətlə bağlı obyektiv və ətraflı məlumat verməyə hazır olduğunu nümayiş etdirib”.