Modern.az-ın “Qədim şəhərin müasir bəlaları” adlı rubrikasının budəfəki buraxılışında qədim və tarixi köklərə malik Gürcüstanın paytaxtı Tbilisi (və ya Tiflis) şəhərindən bəhs edəcəyik.
Tbilisi Qafqazın ən qədim və eyni zamanda ən dinamik şəhərlərindən biridir. Bura tarixən Cənubi Qafqazın digər iki ölkəsi - həm Azərbaycan, həm də Ermənistan üçün mədəni və iqtisadi məkanlardan biri olub.
Tarixlə nəfəs alan abidələri, dar küçələri və qədim mədəniyyəti ilə tanınan şəhər bu gün həm də bir sıra roblemlərlə üz-üzədir. Yüksələn göydələnlər şəhərə xüsusi bir canlılıq versə də, həm ekoloji, həm də sosial-inzibati strukturun yaratdığı ciddi problemlər yaşanır.
Şəhərin əsas problemləri əsasən iki istiqamətdə cəmlənir: ekoloji vəziyyət və sosial-iqtisadi problemlər.
Hava çirkliliyi
Tiflisdə havanın keyfiyyəti uzun illərdir narahatlıq doğuran məsələlər sırasındadır. Araşdırmalara görə, şəhərdə havadakı zərərli hissəciklərin (PM2.5) miqdarı orta hesabla 20 mikroqram/kubmetr təşkil edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi təhlükəsiz həddən təxminən dörd dəfə çoxdur.
Çirklənmənin əsas səbəbi isə şəhərdəki köhnə avtomobillər və qatı yanacaqla işləyən isitmə sistemləri hesab olunur. Nəticədə həm əhalinin sağlamlığına, həm də turizm sektoruna mənfi təsiri yaranır.
Tullantı problemi
Şəhərin ən ciddi ekoloji problemlərindən biri də Didi Lilo poliqonudur. Buraya hər gün təxminən 1.300 ton məişət tullantısı daşınır. Bu poliqon həm torpağı və suyu çirkləndirir, həm də ətraf kəndlərdə yaşayan insanların sağlamlığına zərər vurur.
Tullantıların çeşidlənməsi və təkrar emalı sistemi isə hələ də tam qurulmadığı üçün bu problem ildən-ilə böyüyür və inkişaf edir.
Su təchizatı və köhnə infrastruktur
Tiflisdə su sistemi hələ də sovet dövründən qalan boru xətləri üzərində işləyir. Dünya Bankının məlumatına görə, 2015–2020-ci illərdə su itkisi 73 faizdən 64 faizə düşsə də, itkilər yenə də yüksək səviyyədə qalmaqda davam edir.
Sözügedən vəziyyət həm suyun keyfiyyətinə, eləcə də şəhərin gələcək təhlükəsizliyinə mənfi təsir göstərir.
Nəqliyyat və tıxaclar
Tiflisdə hər gün minlərlə insan tıxaclarda vaxt itirir. Araşdırmalara əsasən, sürücülər orta hesabla hər gün 1–1,5 saat tıxacda qalırlar. Köhnə yollar, parklama yerlərinin azlığı və ictimai nəqliyyat sisteminin tam inteqrasiya olunmaması isə vəziyyəti daha da pisləşdirir. Bu da öz növbəsində həm vaxt itkisinə, həm də hava çirklənməsinin artmasına səbəb olur.
Tiflis metrosu (iki xətt, 22 stansiya) şəhərin ictimai nəqliyyat sisteminin bel sütunu və dayağıdır. Lakin ötən illərdə infrastrukturun köhnəlməsi, planlaşdırılmış modernizasiya işlərinin gecikməsi, təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı narahatlıqlar gündəmdə qalır. Eyni zamanda beynəlxalq maliyyə institutları və şəhər hakimiyyəti genişmiqyaslı modernizasiya layihələri elan etsə də, amma tətbiq və vaxtlama ilə bağlı müəyyən çətinliklər müşahidə olunur.
Xatırladaq ki, Tiflis metrosu sovet dövründən qalmış infrastruktur üzərində işləyir. Vaqonların və stansiyaların bir hissəsi istismar ömrünün sonlarına yaxınlaşır və buna görə də yeni vaqonların və stansiya bərpasının zəruriliyi gündəmə gəlir. 2024-2025-ci illərdə AIIB (Asiya İnfrastruktur İnvestisiya Bankı) tərəfindən metro üçün 97 yeni vaqon alınması layihəsi təsdiq olunub.
Sosial problemlər
Son illər turizmin və qısamüddətli kirayə evlərinin artması yerli əhali üçün mənzil tapmağı çətinləşdirib.
Tarixi mərkəzlərdə evlərin qiyməti və kirayə haqqı kəskin bahalaşır, bu isə gentrifikasiya prosesini - yəni köhnə sakinlərin şəhərin mərkəzindən sıxışdırılıb çıxarılması prosesini sürətləndirir.
Gürcüstanda işsizlik hələ də əsas sosial problemlərdən biri hesab edilir. 2024-cü ilin statistik məlumatına görə, ölkə üzrə işsizlik səviyyəsi 13,9 faiz olub. Bu, xüsusilə gənclər arasında daha yüksəkdir. Aşağı maaşlar və qeyri-rəsmi məşğulluq isə sosial bərabərsizliyi daha da artırır.
Təhlükəsizlik və kriminal vəziyyət
Rəsmi statistikalar göstərir ki, bəzi cinayət növlərində azalma müşahidə olunsa da, Tiflisin mərkəzində, habelə turistik ərazilərdə cibgirlik və oğurluq halları hələ də geniş yayılıb. Bu isə həm yerli əhalinin, həm də turistlərin təhlükəsizliyinə mənfi təsir göstərən faktorlar sırasında yer alır.