NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin yeni kitabı nəşr olunub.
Modern.az-ın məlumatına görə, o, kitabında vəzifədə olduğu müddətdə yaşadığı hadisələri, xatirələri yazıb.
Kitabda ABŞ prezidenti Co Baydenin Ukrayna Prezidenti Volodimir Zelenskini “əzazil, arxadan zərbə vuran adam” kimi təsvir etdiyi qeyd olunur.
Stoltenberqin yazdığına görə, 2023-cü ilin iyununda keçirilən NATO sammiti ərəfəsində Zelenski alyansa üzvlük məsələsində dəqiq vədlər tələb edib. ABŞ prezidenti bundan qıcıqlanaraq Stoltenberqlə söhbətində “O, əsl baş ağrısıdır” deyib.
Ukrayna liderinin sammitə gedərkən sosial şəbəkədə NATO-nu “absurd qərarsızlıqda” günahlandıran paylaşımı Qərb paytaxtlarında narazılıq doğurub. Stoltenberqin sözlərinə görə, bəzi NATO ölkələri bu paylaşımın ardından Kiyevə daha açıq dəstək ifadə etmək istəsə də, amerikalılar bəzi bəndləri ümumiyyətlə sənəddən çıxarmağı düşünürdülər.
Xatirələrdə Stoltenberq müharibənin ilk günlərinə də toxunur. O bildirir ki, 2022-ci ilin fevralında NATO rəhbərliyi Kiyevin “bir neçə günə” düşəcəyini, Ukraynanın “bir neçə həftəyə” işğal olunacağını düşünürdü.
O, həmçinin Zelenski ilə 28 fevral 2022-ci ildəki telefon danışığını yada salır: “Zelenski çox sakit idi, amma əvvəllər olduğundan daha təkidli danışırdı. NATO-dan səmanın bağlanmasını istəyirdi. Mən ona dedim ki, bu, bizi birbaşa Rusiya ilə müharibəyə salacaq. Biz Ukraynanı dəstəkləyirdik, amma onun uğrunda ölmək istəmirdik. Bu, sərt reallıq idi və mən yalan ümid verə bilməzdim.”
Stoltenberqin sözlərinə görə, məhz o, Zelenskiyə Rusiya ilə danışıqlar aparmaq və döyüşlərin dayandırılması üçün “fin variantı”nı, yəni müəyyən əraziləri neytral status müqabilində güzəştə getməyi təklif edib.
Əvvəlcə Zelenski bu ideyanı qətiyyətlə rədd etsə də, sonradan “NATO üzvlüyü müqabilində” kompromisə daha az soyuq yanaşmağa başlayıb.
Keçmiş baş katib həmçinin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə 10 il əvvəlki görüşünü xatırladır. Kissincer Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxır, bu ölkənin “Şərq və Qərb arasında körpü” rolunda qalmasının vacibliyini vurğulayırdı: “O deyirdi ki, Ukrayna Rusiya üçün Qərbdən daha önəmlidir. Buna görə də ehtiyatlı olmaq lazımdır.”
Yens Stoltenberqin xatirələri səkkiz hissədən ibarətdir və artıq Avropada satışa çıxarılıb. Kitabda həm NATO daxilindəki daxili müzakirələr, həm də alyansın müharibənin gedişinə təsir imkanları barədə yeni detallar yer alır.