Rusiya Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin keçmiş rəisi, hazırda rüşvət almaqda ittiham olunan general-leytenant Yuri Kuznetsov ölkə prezidenti Vladimir Putinə məktub göndərib.
Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Kuznetsov məktubunda özünü “günahsız, vicdanlı və dürüst insan” kimi təqdim edib.
Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, Kuznetsov 2021–2023-cü illərdə Baş Qərargahın 8-ci idarəsinə rəhbərlik etdiyi dövrdə Krasnodar sakini, sahibkar Leva Martirosyandan böyük məbləğdə rüşvət alıb. Rüşvət torpaq sahəsi və bina şəklində verilib, həmin əmlakın ilkin dəyəri 30,5 milyon rubl təşkil edib.
Həm general, həm də sahibkar 2024-cü ilin may ayından istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, Kuznetsov Rusiya ordusunda uzun illər xidmət edib və Müdafiə Nazirliyinin yüksək səviyyəli struktur rəhbərlərindən biri olub. O, hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə ittiham olunur.