Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib.
Modern.az-ın məlumatına görə, Pekov bəyan edib ki, Ukrayna silahlı qüvvələrinin bu raketlərdən istifadə etməsi hamı üçün “pis sonluqla” nəticələnə bilər, çünki bunun üçün amerikalı mütəxəssislərin iştirakı lazımdır.
"Həqiqətən də, belə mürəkkəb raketlərin idarə olunması bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək. Bu, aşkar faktdır. Medvedevin bəyanatında belə deyilir", - Kreml sözçüsü bildirib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketlərinin mümkün tədarükü ilə bağlı fikirlərinə cavab verib. O, bəyan edib ki, Kiyevə bu cür yardım münaqişənin bütün tərəfləri, o cümlədən Vaşinqtonun özü üçün mənfi nəticələrə səbəb ola bilər.
Sədr müavini hesab edir ki, “Tomaqavk” raketlərini Kiyev deyil, ABŞ işə salacaq. Dmitri Medvedev Donald Trampın sözlərinin “daha bir boş təhdid” olduğuna ümid etdiyini bildirib.
Daha əvvəl Tramp bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsi həll olunmasa, Ukraynaya “Tomaqavk” raketləri göndərəcək.