Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Vaşinqtona gedəcək.
Modern.az xəbər verir ki, Ukrayna liderinin ABŞ prezidenti Trampla görüşəcəyi gözlənilir.
"Cümə günü Vaşinqtona gedib prezident Trampla görüşmək imkanım olacaq. İnanıram ki, təklif etmək istədiyim addımları müzakirə edəcəyik. Dialoqumuza və dəstəyinə görə prezident Trampa minnətdaram. Həmçinin bir sıra digər mühüm görüşlər - müdafiə şirkətləri ilə, ola bilsin, senatorlar və konqresmenlərlə görüşlər də baş tutacaq. Enerji şirkətləri ilə də görüşlər olacaq. Bu, lazım idi - o, Trampın təklifi deyildi", - Zelenski deyib.
“Axios”un məlumatına görə, liderlər Kiyevə hansı silahların verilməsini, o cümlədən “Tomaqavk” raketlərinin ötürülməsi imkanlarını da müzakirə edəcəklər.
“Tərəflər Ukraynaya hansı silahların verilməli olduğunu, konkret olaraq ABŞ-ın müharibə şəraitində olan ölkəyə vəziyyəti kökündən dəyişə biləcək uzaqmənzilli “Tomaqavk” raketlərini tədarük edib-etməməli olduğunu müzakirə edəcəklər”, - nəşr yazır.
“Axios”un mənbəsi izah edib ki, “müəyyən məsələləri telefonla müzakirə etmək olmaz”.
Nəşr onu da qeyd edir ki, uzaqmənzilli raketlər Ukraynaya Rusiyanın ucqar rayonlarını, o cümlədən Moskvanı hədəf almağa imkan verəcək.
Zelenskinin ABŞ-a cümə axşamı gəlməsi nəzərdə tutulub. Trampla görüş ertəsi gün baş tutacaq.