ABŞ-ın keçmiş prezidenti Co Bayden sosial şəbəkədə hazırkı prezident Donald Tramp və komandasını Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasında gördüyü işlərə görə tərifləyib.
Modern.az xəbər verir ki, Bayden X-də yazıb:
"Bu günün gəldiyi üçün rahat oldum. Prezident Trampı və onun komandasını təbrik edirəm”.
Bayden həmçinin qeyd edib ki, onun administrasiyası da girovları evlərinə qaytarmaq və müharibəni bitirmək üçün çox çalışıb.
"İndi ABŞ və dünyanın dəstəyi ilə Yaxın Şərq davamlı olacağına ümid etdiyim sülh yolu ilə gedir", - keçmiş prezident vurğulayıb.
Oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında Qəzza münaqişəsinin bitdiyini elan edib.
ABŞ prezidenti Knessetdəki çıxışından sonra Qəzzada müharibəyə son qoymaq üçün zirvə toplantısı üçün Misirə gedib.
Oktyabrın 9-da Amerika lideri İsrail və HƏMAS-ın Qəzza zolağı üçün sülh planının birinci mərhələsinə dair saziş imzaladığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların çox tez azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir.
Daha sonra Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısının keçiriləcəyini açıqlayıb. Sammitdə iştirak etmək üçün 20 ölkənin lideri dəvət olunub.