ABŞ Prezidenti Donald Tramp oktyabrın 26-da Malayziyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Malayziyanın xarici işlər naziri Mohamad Hasan “Reuters”ə açıqlamasında bildirib.
O, söyləyib ki, Trampın səfərinin məqsədi Tailand və Kamboca arasında illərlə davam edən sərhəd münaqişəsinin başa çatmasını rəsmi şəkildə təsdiqləyən sənədin imzalanması mərasimində iştirak etməkdir. Nazirin sözlərinə görə, sənədin imzalanması 26-28 oktyabrda ASEAN liderlərinin Kuala-Lumpurda keçiriləcək sammiti zamanı baş tutacaq. Həmin sənəd iki qonşu ölkə arasında dayanıqlı sülh və atəşkəs rejimini təmin etməyi nəzərdə tutur.
Xatırladaq ki, Tailandla Kamboca arasında 817 kilometrlik quru sərhədində illərdir müəyyənləşdirilməmiş bölgələr mövcuddur. Bu ilin yayında baş verən beşgünlük silahlı toqquşma nəticəsində onlarla hərbçi və mülki şəxs həlak olub, minlərlə insan isə qaçqın düşüb.