Modern.az

Trampla Putin 2 saatdan çox nə danışıblar?

Trampla Putin 2 saatdan çox nə danışıblar?

Dünya

16 Oktyabr 2025, 23:19

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. 

Modern.az xəbər verir ki, danışıqlar 2 saatdan artıq davam edib.

Tramp bildirib ki, Putinlə Ukrayna müharibəsinə son qoymaq məqsədilə yeni sammit keçirmək barədə razılığa gəliblər. Görüşün Budapeştdə baş tutacağı gözlənilir.

O açıqlamasında qeyd edib ki, Putinlə iki saatdan çox davam edən telefon danışığı “məhsuldar və irəliləyişli” olub. Kremlin məlumatına görə, görüşlə bağlı ilkin razılaşma əldə edilib, lakin dəqiq tarix hələ müəyyən olunmayıb.

Telefon danışığı Ukrayna Prezidenti Volodimir Zelenskinin Cümə günü Ağ Evdə Tramp ilə görüşü ərəfəsində baş tutub. Zelenski ABŞ-dan yeni hərbi yardım, o cümlədən uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükü üçün Vaşinqtona səfər edəcək.

Lakin Trampın Putinlə telefon danışığından sonra yumşaq və barışıq tonunda açıqlama verməsi Vaşinqtonun Kiyevə əlavə dəstək planlarını sual altında qoyub və Avropada ABŞ-ın Rusiyaya güzəştə gedəcəyi ilə bağlı narahatlıq yaradıb.

Kremlin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin danışıq zamanı Trampa xəbərdarlıq edib ki, Ukraynaya uzunmənzilli raketlərin verilməsi sülh prosesinə zərbə vurar və ABŞ-Rusiya münasibətlərini gərginləşdirər.

Görüşün Macarıstan paytaxtında keçirilməsi planı beynəlxalq aləmdə diqqət çəkib. Putin bəzi ölkələrdə müharibə cinayətləri ilə bağlı axtarışda olduğuna görə səyahət məhdudiyyətləri ilə üzləşir. Eyni zamanda, Macarıstanla Ukrayna arasında münasibətlər son aylarda kəskinləşib.

Zelenski keçən ay macar pilotsuz uçuş aparatlarının Ukrayna ərazisinə daxil olduğunu iddia etmiş, Baş nazir Viktor Orban isə buna cavab olaraq Ukraynanı “suveren dövlət saymıram” demişdi.

“Amerika və Rusiya prezidentlərinin planlaşdırılan görüşü dünyada sülh istəyən hər kəs üçün əla xəbərdir. Biz hazırıq!”, - Orban bildirib.

Macarıstan lideri uzun müddətdir NATO və Avropa İttifaqı üzvləri arasında fərqli mövqe tutur, Rusiyaya qarşı sərt siyasəti dəstəkləmir və Qərbin Kiyevə hərbi yardımlarını sual altına alır.

Tramp “Truth Social” hesabında yazıb ki, Zelenski ilə Ağ Evdə keçiriləcək görüşdə Putinlə danışığın təfərrüatlarını bölüşəcək: “Bugünkü telefon danışığında böyük irəliləyiş əldə olunduğuna inanıram.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ