Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.
Prezident postu uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Başqa bir namizəd - Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya tərəfdarı olan Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.
Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Namizədlərdən hər hansı biri lazımı səsi toplamazsa, 7 gün sonra prezident seçkilərinin ikinci turu keçiriləcək.