Modern.az

AZAL təyyarəsindəki sərnişin: “Pilotlar çox peşəkar davrandılar”

AZAL təyyarəsindəki sərnişin: “Pilotlar çox peşəkar davrandılar”

Dünya

20 Oktyabr 2025, 15:30

Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.

Rəsmi açıqlamada bildirilir ki, "Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.

"Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub. Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub", - açıqlamada deyilir.

Qeyd edək ki, təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Modern.az-ın məlumatına görə, təyyarədə olan Aleksey adlı rusiyalı sərnişin yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, təyyarə havaya qalxdıqdan bir qədər sonra texniki nasazlıq barədə məlumat verilib və ekipaj təcili enişə hazırlaşmaq qərarı alıb.

“Uçuşdan sonra yatmışdım, təxminən bir yarım saatdan sonra oyananda gördüm ki, hələ də Sankt-Peterburq üzərində dövrə vururuq. Sərnişin yoldaşım dedi ki, təyyarədə nəsə olub və enməyə çalışırıq. Sonra bələdçi elan etdi ki, yanacağı yandırmaq üçün daha bir yarım saat dövrə vuracağıq” – deyə Aleksey bildirib.

Sərnişin bildirib ki, bort bələdçiləri hamını təlimatlandırdı, kəmərləri möhkəm bağlamağı, bədəni müəyyən vəziyyətdə saxlamağı tapşırdılar:  "Yanımda oturan dua edirdi, bir qadın ağlayırdı. Nəhayət, uğurla endik”.

Sərnişinin sözlərinə görə, təyyarə yumşaq eniş edib, lakin zolağın kənarına çıxıb:

“Əslində eniş normal idi, sadəcə zolaqdan bir qədər kənara çıxdıq. Niyə belə oldu, anlamadım. Pilotlar çox peşəkar davrandılar”.

Qeyd edək ki, təyyarədə 155 sərnişin olub. J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus hava gəmisi paytaxta çatıb. Təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!