Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın “AZƏRBAYCAN: Qaranlıq keçmişdən aydınlıq tarixə”, “Anladım. Tanıdım. Yaşadım” və “Cəhalət gülləsi, aydınlıq çiləsi”ndən ibarət trilogiyasının təqdimatı keçirilib.
Modern.az “Aydınlıq çiləsi” adı və “Kitab və düşüncə gündüzü” mənalandırılması ilə təşkil olunan, yazıçı-publisist Əkbər Qoşalının aparıcısı olduğu tədbir şəhidlərin ruhuna sayğı duruşu ilə başlayıb.
Sonra APA TV-nin istehsalı olan “Aydınlıq çiləsi” sənədli filmi nümayiş olunub. Filmdə Fazil Mustafanın həyat və yaradıcılıq yolu, milli ideoloji düşüncədə rolu və ictimai-mədəni, ümumən humanitar fikrə töhfələri əks olunub.
Fazil Mustafanın orta məktəb müəllimi Aybəniz Axundova, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, tanınmış yazıçı Seyran Səxavət, Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli, şair Aqşin Yenisey, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova çıxış edərək, öz ürək sözlərini bölüşüblər.
Tədbirdə çıxış edənlər Fazil Mustafanın ictimai-siyasi fəaliyyəti, elmi-publisistik yaradıcılığı və milli şüurun dirçəlişi yolundakı araşdırmalarından danışıblar. Sonda müəllif “Düşüncə, azadlıq və məsuliyyət” mövzusunda çıxış edərək, “Aydınlıq çiləsi”nin mahiyyəti və kitablarının ideya xəttini izah edib.
Mərasim zamanı Fazil Mustafaya Türk dünyası mədəniyyətinə və sənətinə verdiyi töhfələrə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOYun baş katibi Sultan Rayevin imzasıyla “TÜRKSOY” medalı və Azərbaycan Respublikası Gömrük Akademiyası rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovun təbrik məktubu təqdim olunub.
Əməkdar artist Fəridə Hüseynova və istedadlı gənc tarzən Mirnofəl Həsənin musiqi çələngi tədbirə xüsusi rəng qatıb.
Sonda Fazil Mustafa kitablarını oxucular üçün imzalayıb.